Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı

Martın 18-də Xətai Sənət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı oldu.

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi sərgi gənc nəsildə milli adətlərə hörmət, Novruz bayramının dərk olunması və gələcək nəslə ötürülməsi məqsədi daşıyır.

Açılış mərasimində çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, hər il keçirilən sərgiyə böyük maraq var. Müsabiqəyə ümumilikdə 17 yaşa qədər 700 uşaq və gənc 1800-dən çox işlə müraciət edib. 12 yaşa qədər 140 uşağın 150 işi, həmçinin 12-17 yaş arası 130-a yaxın uşağın 140-a qədər işi sərgi üçün seçilib. Bu rəsmlər müəlliflərin daxili aləmini və Novruz bayramına baxışlarını əks etdirir.

Qalib Qasımov çıxışının sonunda sərginin ərsəyə gəlməsinə dəstək olan təşkilatlara təşəkkür etdi, hər kəsə qarşıdan gələn Novruz bayramı münasibətilə xoş arzularını çatdırdı.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov diqqətə çatdırdı ki, ənənəvi sərgi ildən-ilə öz əhatəsini daha da genişləndirir. Bu cür sərgilər uşaqlara milli adətlərimizi təbliğ etdiyi üçün böyük əhəmiyyətə malikdir. Xalq rəssamı Xətai Sənət Mərkəzində təşkil edilən sərgiləri yüksək dəyərləndirdi və bütün uşaqlara bahar kimi təravətli günlər arzuladı.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirdi ki, “Yurdumuza bahar gəlir” sərgisini keçirməkdə məqsəd gənc nəsildə milli adət-ənənələrə hörmət aşılamaqla bərabər, Novruz bayramının missiyasına uyğun olaraq onları sevindirməkdir. Direktor onu da vurğuladı ki, iştirakçıların sayı çox olduğu üçün sərgi iki gün (18-19 mart) davam edəcək.

Sonda əsərləri nümayiş olunan müəlliflərə diplom və təşəkkürnamələr təqdim edildi.

Lalə AZƏRİ