Novruz bayramı müxtəlif ölkələrdə özünəməxsus ənənələrlə yaşadılır

Baharın müjdəçisi olan Novruz Mərkəzi və Cənubi Asiyadan tutmuş Qafqaz və Balkan ölkələrinə qədər geniş ərazidə qeyd edilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Albaniyada isə “Sultan Nevruz” adı ilə dini bayram kimi bəktaşilik təriqətinin davamçıları tərəfindən keçirilir.

Ənənələrinin və mərasimlərinin zənginliyinə və geniş coğrafiyanı əhatə etdiyinə görə 2009-cu il sentyabrın 30-da Novruz ölkəmizin də dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.

Novruz mədəni müxtəlifliyin təcəssümü, xalqlar arasında dialoqun və qarşılıqlı ehtiramın əhəmiyyətini xatırladan bayramdır. Novruzu qeyd edən xalqlar onu özünəməxsus adət-ənənələrlə yaşadırlar. Bu bayramın əsasında dayanan birlik və bərabərlik, təbiətlə olan harmoniya isə dəyişilməzdir...

 

Novruz baba və gənc Bahargül

 

Novruz Xəzərin o tayındakı qonşumuz – türkmən xalqının da qədimdən qeyd etdiyi bayramdır, 1922-ci ildən isə Türkmənistanın rəsmi bayramları sırasına daxil olub. Türkmənlər Novruz hazırlıqlarına aylar öncədən başlayırlar. Ev və həyətyanı sahədə dərindən təmizlik işləri aparılır.

Novruzda süfrələr dolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur.

 

Evlər, həyətlər odla paklanır...

 

Qırğızlarda da Novruz süfrəsi zənginliyi ilə seçilir. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sümelek mütləq olmalıdır. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi plova qonaq edilirlər. Qırğız süfrəsində Novruzda məxsusi bişirilən beşbarmaq olmazsa olmazdır. Bu xörək quzu ətindən və makarona oxşar un məmulatından hazırlanır.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma «Alas-alas, hər bəladan xilas» – deməklə evin, həyətin odla pak edilməsi adəti var. Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızların fikrincə, bu, qədim türk şamanlarından qalma adətdir.

 

Anadolunun Novruzu

 

Türkiyədə Novruz rəsmi bayram (qeyri-iş günü) olmasa da, ölkənin müxtəlif bölgələrində tədbirlər, el şənlikləri ilə qeyd edilir. Qaziantep və ətraf ərazilərdə martın 22-si “Novruz sultan” adı ilə qeyd olunur. Mərkəzi Anadoluda keçirilən bayram mərasimlərində ağaclara simvolik olaraq lent sarınır. İzmir, Sivas və digər şəhərlərdə Novruz şənliklərində ənənəvi oyunlar təşkil edilir.

Bundan əlavə, Novruz münasibətilə TÜRKSOY təşkilatı tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, yerli bələdiyyələrlə birlikdə böyük şəhərlərdə mərasimlər, bayram proqramları təşkil edilir.

 

Xalqın böyük günü

 

Qazaxıstanda bu bayram “Naurız” adlanır. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var - “Ulus küni” (Xalq günü) və ya “Ulıstın ulı küni” (Xalqın böyük günü).

Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqrediyent daxil olan naurız-kojedir. Bu da həyatın 7 elementi anlamına gəlir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. Bunların da hər biri öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Qazaxıstanda Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

 

Göyərti və tərəvəzlərdən yeməklər

 

Özbəkistanda Novruz rəsmi bayram olaraq bir neçə gün qeyd edilir. Özbəklər bayram menyusuna xüsusi fikir verirlər. Süfrədə mütləq şurpa (ət suyunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalak adlı yeməyin də xüsusi yeri var.

Novruzla əlaqədar buzboşi və ya kupkari adlı ənənəvi oyunlar keçirilir. Atlılar bir-birindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə isə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Özbəklər Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən hazırlanır və şokolad kimi, bəzən də ağ rəngdə olur.

 

Pakistanda bayram günbatar çağı başlayır

 

Bahar fəslinin gəlişi Pakistanda milli şənliklərdən “Bəsənt” mərasimi ilə başlayır. “Bəsənt” sözü “bahar” mənasındadır və pakistanlılar bu günü yeni və təmiz libaslar geyinərək, milli musiqi sədaları altında şənlik edir, havaya rəngli şarlar uçururlar. “Bəsənt” mərasimi baharın gəlişinin ilk günü günbatar çağı başlayır, sübhədək davam edir. İnsanlar bir-birinə bayram payı verir, böyüklərə və qohumlara baş çəkirlər. Mənbələrdə bu bayramın tarixinin Miladdan 300 il əvvələ gedib çıxdığı bildirilir. Pakistanın şimal-qərbində Novruz bayramı daha şən keçirilir və həmçinin regionda bu bayramın dini-məzhəbi ab-havası da var...

 

Həm də ibadət şənliyi...

 

Cənub qonşumuz İranda bayram süfrəsində fərqli səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. “Cəşn” (“bayram”, “şənlik”) sözü pəhləvi (orta fars) dilində “pərəstiş, ibadət” mənasını verir. Bu üzdən Novruz bir növ mənəvi və ibadət şənliyi də hesab olunur.

Novruz – yeni gün iranlıların təqviminin ilk ayı olan “fərvərdin”in birinci günüdür. Qədim İranda bu xüsusi günün bayram edilməsinə 10 gün əvvəldən başlanılırdı. Novruz axşamı adətən balıq, səbzi plov, reşte plov hazırlanır. İranda Novruz ərəfəsində plovun bişirilməsi rifah və varlılıq əlaməti sayılır.

 

Quru meyvələrdən təam

 

Əfqanların adətinə görə, Novruz süfrəsi yerə sərilir və ona “dəstərxan” (bizdə bəzi şivələrdə olduğu kimi) deyilir. Əfqan süfrəsində kompota bənzər “həft (yeddi) meyvə” adlı quru meyvələrdən hazırlanan təam da olur. Bu, yalnız Novruz bayramına məxsusdur. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-şərif şəhəridir. Xalqın inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar bayramda buraya toplaşır, Əlinin ziyarətgahında xüsusi sərgilər, mərasimlər təşkil olunur.

 

Çiçək ver, bayram payı al

 

Tacikistanda Novruz martın 20-də başlayır və 3-4 gün davam edir. Uşaqlar qapı-qapı gəzib bayram payı istəyirlər. Lakin bizdən fərqli olaraq qapını döyüb gizlənmək adəti yoxdur. Uşaqlar dərdikləri yaz çiçəklərindən ev sahibinə verir, qarşılığında bayram şirniyyatları alırlar.

Tacikistanda bir neçə il əvvəl Novruz bayramının simvolu olan döş nişanı da hazırlanıb. Nişanın üzərində Qərb və Şərq istiqaməti, günəş şüaları, təbiətin oyanması, yaz-tarla işlərinin başlanması, həmçinin bu ölkənin gerbi və bayrağı əksini tapıb. Bu il də Novruzun rəmzi paytaxt Düşənbədə, digər şəhər və rayonlarda parkları, xiyabanları bəzəyir...

Qoy builki Novruz onu qeyd edən ölkələrə, xalqlara sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirsin. Bayramınız mübarək!

Lalə AZƏRİ