Kino həvəskarlarının yaddaşına daha çox “İşdə məhəbbət macərası” filmində canlandırdığı qalmaqallı Şura obrazı ilə həkk olunan Rusiyanın Xalq artisti Lyudmila İvanova 1933-cü il iyunun 22-də Moskvada doğulub. Atası İvan İvanov coğrafiyaşünas-professor, anası Faina İvanova isə evdar qadın olub. Lyudmila orta məktəbdə çox yaxşı oxuyub, məktəbi qızıl medalla bitirib.
Sonra Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına daxil olub, 1955-ci ildə təhsilini başa vuraraq Moskva səyyar dram teatrında işləməyə başlayıb. Burada iki il işləməsinə baxmayaraq, bir çox tamaşalarda oynayıb, qastrollara gedib. 1957-ci ildə Lyüdmila İvanova “Sovremennik” teatrına keçir və bu sənət ocağında 50 ilə qədər çalışır. Müxtəlif tamaşalarda bir-birindən maraqlı rollar oynayır.
Teatrla bərabər, kinoya da çəkilməyə başlayır. “Şans”da Kseniya, “Nəğmə müəllimi”ndə Klavdiya Petrovna, “Mayamili sevgili”də Klava xala və başqa rolları ilə tanınır. Eldar Ryazanovun “İşdə məhəbbət macərası”nda (1977) fəal ictimaiyyətçi Şura rolu ilə daha çox məşhurlaşır. İllər ötsə də, həmin rol aktrisanın ən sevimli rolu olaraq qalır. O deyir ki, bu rol ona görə xoşuma gəlir ki, filmdə Şura həmişə insanlara köməklik edir. İşləməyi çox sevən aktrisa 1990-cı ildə “Ekspromt” uşaq musiqili teatrını yaradır. Teatrın həm rejissoru, həm də direktoru olur. Bu teatrı yaratmaqla o, “İşdə məhəbbət macərası”nda yaratdığı personaj kimi ictimai fəal, təəssübkeş yaradıcı insan olduğunu təsdiq edib. Aktrisa deyir ki, bu addımında filmdəki obrazdan bir növ ilham alıb.
Aktrisa sənətdə olduğu kimi, şəxsi həyatda da sabit, rəvan bir ömür sürüb. Həyat yoldaşı Valeri Milyayev yazıçı, fizika-riyaziyyat elmləri doktoru idi. Onlar 60-cı illərin əvvəllərində, Valeri teatra Yeni illə əlaqədar mahnı yazmağa dəvət olunarkən tanış olurlar. Bir müddət sonra evlənirlər və yarım əsr birgə yaşayırlar. İvan və Aleksandr adında iki oğulları doğulur. İvan həm rəssam, həm də uşaq incəsənət məktəbinin direktoru işləyir. Aleksandr isə ixtisasca həkim-psixoloq olsa da, başqa sahədə çalışıb.
Lyüdmila İvanova son illərədək verdiyi müsahibələrdə həmişə deyərdi ki, özünü xoşbəxt qadın sayır. Çünki sadiq həyat yoldaşı, iki ağıllı oğlu, gözəl gəlinləri və sevimli nəvələri var. Lakin bir neçə il öncə bu xoşbəxtlik ağır günlərlə əvəzlənir. 2010-cu ildə aktrisanın kiçik oğlu Aleksandr, bir il sonra isə həyat yoldaşı vəfat edir. Oğul və atanın adi qrip və soyuqdəyməni ciddiyə almaması sonda xəstəliyin ağırlaşması və ölümlə nəticələnir. Bu itkilər aktrisaya çox pis təsir edir, uzun müddət xəstəxanada müalicə olunur...
Bu yaxınlarda 81 yaşını qeyd edəcək aktrisa deyir ki, biz Valeri ilə bir-birimizi tamamlayırdıq. Valeri çox səbirli, o isə şən xarakterli qadın olub. Bir də qadınlara məsləhət görür ki, kişilərlə ciddi söhbətdən əvvəl onları yaxşı yedizdirmək lazımdır.

Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar