Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva martın 20-də UNESCO-nun mənzil-qərargahında təşkilatın baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb.
Görüş Novruz bayramına təsadüf etdiyindən nazir müavini Azərbaycan xalqı üçün bu bayramın əhəmiyyətindən danışıb, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salındığını qeyd edib. Bu əlamətdar hadisənin 10 illiyi münasibətilə UNESCO-nun qərargahında görkəmli muğam ustası Alim Qasımovun iştirakı ilə konsertin keçiriləcəyini qeyd edən nazir müavini Azərbaycan muğam sənətinin, eləcə də muğam üçlüyünə daxil olan Azərbaycanın qədim musiqi alətlərinin – tar və kamançanın UNESCO-da Qeyri-maddi mədəni irs nümunəsi kimi tanındığını vurğulayıb.
Sevda Məmmədəliyeva Azərbaycan-UNESCO əməkdaşlığı barədə danışaraq bu münasibətlərin son illər ərzində daha da dərinləşməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib.
Sonra nazir müavini bu ilin 30 iyun – 10 iyul tarixlərində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı hazırlıq işləri barədə məlumat verib və sessiyanın ən yüksək səviyyədə təşkil ediləcəyini vurğulayıb.
Baş direktorun müavini E.Ramirez Azərbaycanla UNESCO arasında münasibətlərin yüksək səviyyədə olmasından, ölkəmizin təşkilatın işində yaxından iştirak etməsindən və UNESCO dəyərlərinin təşviqində mühüm rol oynamasından məmnunluğunu ifadə edib və ölkəmizə təşəkkürünü bildirib. Azərbaycanın sədrliyi ilə keçəcək Dünya İrs Komitəsinin iclasının uğurla təşkil ediləcəyinə əminliyini bildirən E.Ramirez bu mühüm tədbirdə şəxsən iştirak etməkdən məmnun olacağını bildirib. Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov və Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler iştirak edib.