“Həyat insana bir dəfə verilir. Onu gərək elə yaşayasan ki, sonra ömür yoluna baxanda fəxr edəsən”. Bu ibrətamiz sözlər görkəmli sənətkar, Xalq artisti Hüseynağa Sadıqova məxsusdur. Müdrik sənətkar ifadəsini gəlişigözəl söz kimi işlətmədim. H.Sadıqov, sözün əsl mənasında, kamil və ziyalı aktyor idi. Teatrda daha çox uşaq tamaşalarında, alleqorik personajların yaradıcısı kimi, kinoda isə bənzərsiz səs tembri və xarakterik sifət cizgilərinə görə yaddaşlara həkk olunan aktyor zəngin dünyagörüşü, həyat bilgisi sayəsində irili-xırdalı rollarının təfsirində xarakterləri incəliyinə qədər cilalayar, səmimi, mehriban xüsusiyyətinə görə də hamının sevimlisinə çevrilərdi...
Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olub. Kiçik yaşlarında anası onu teatra aparıb. Səhnənin ecazkar sehrinə qapılaraq ilk gündən teatra vurulub, tədricən bu sevgi peşə seçiminə çevrilib. 1930-cu ildə (16 yaşında) müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına sınaq müddətinə işə qəbul olunub. İti yaddaşa, tez qavrama qabiliyyətinə malik olduğuna görə isə qısa müddətdə kollektivin rəğbətini qazanıb. Bir il sonra teatrda aktyor kimi işə düzəlib.
Gənc Tamaşaçılar Teatrında müxtəlif obrazlar oynayan aktyor yaradıcılığını realist prinsiplər əsasında qurub, canlı, dolğun obrazların təfsirində sadəliklə yanaşı, təbiilik nümayiş etdirib. “Bəxtsiz cavan”da Mirzə Qoşunəli, “Şirinbala bal yığır”da Rəcəb, “Anacan”da Səlim, “Hacı Qəmbər”də Cəbi, “Ağa Kərim xan Ərdəbili”də Əhməd, “Şamdan bəy”də Şamdan bəy və onlarla digər dolğun rollarına görə tamaşaçıların rəğbətini qazanıb.
Görkəmli dramaturq C.Cabbarlı yazırdı: “Artist yaratdığı obrazla yaşamalıdır. O, obrazın daxili aləmini açıb bütün təfərrüatı ilə tamaşaçıya çatdırmalıdır. Səhnə sünilik sevmir”. Sənət aləmində peşəkarlıq düsturu sayıla biləcək bu sözlər aktyor kimi minimum hərəkətlə maksimum ifadəyə nail olan Hüseynağa Sadıqovun yaradıcılığında təsdiqini tapır.
Məşhur rejissor Aleksandr Tuqanov teatrı müqəddəs məkana bənzədərək deyərdi ki, “İncəsənət bir məbəddir, ora qara fikirlə, çirkli ayaqla girmək olmaz”. Hüseynağa Sadıqov da saf, incə qəlbi, xoşməramlı düşüncələri ilə teatra ayaq basdığındandır ki, səhnədə böyüklü-kiçikli hamının ürəyini ovsunladı, kiçikyaşlı tamaşaçıların belə doğmasına çevrildi. Aktyorun teatr personajları, eyni zamanda televiziya və radio tamaşalarında oynadığı müxtəlif səpkili rolları, həmçinin Xoruz baba, Piri baba obrazları uşaqların dünyagörüşünün formalaşmasında, əxlaq prinsiplərinin nizama salınmasında mühüm rol oynayırdı. Aktyorun qızı Tamilla xanım müsahibələrinin birində deyir: “Atamla tez-tez gəzməyə gedirdik. Uşaqlar onu görən kimi yanına qaçıb gəlirdilər. Mən atamı onlara qısqanırdım. Bir dəfə atama sən məni çox istəmirsən dedim. O isə məni kənara çəkib dedi ki, sən mənim qızımsan. Təbii ki, səni çox istəyirəm, amma onlar da sənin kimi balalardır, onlara da vaxt ayırmalıyam.
Evimizə çox sayda məktub gəlirdi. Biz Bakıxanov küçəsində yerləşən 8 mərtəbəli binada yaşayırdıq. O vaxt lift yox idi. Poçtalyon pilləkənləri qalxaraq məktubları çatdırmağa məcbur olurdu. Hər dəfə də deyirdi ki, mən yoruluram, nə qədər məktub olar. Atamsa deyirdi ki, o məktubları uşaqlar məni sevdiklərinə, inandıqlarına görə yazıblar, onların hamısını oxumalıyam. O, tamaşalardan sonra evə qayıdanda həmin məktubları bir-bir oxuyurdu, verilişlərində də səsləndirirdi. Rayonlara tez-tez gedirdi. Onu bölgələrdə tamaşa verməyə və yaxud tədbirlərdə iştirak etməyə çağıranda o heç vaxt yorğunluğunu bəhanə gətirib dəvətlərdən imtina etmirdi. İş qrafikini elə qururdu ki, həmin tədbirlərdə iştirak etsin. O, daim insanların arasında olurdu. Çox pozitiv insan idi. Öz sevincini də həmişə insanlarla bölürdü”.
Bəli, H.Sadıqovun nə qədər həyatsevər və insanpərvər olduğunu rollarından da görmək mümkündür. O, kinoya 1955-ci ildə gəlib. Kinorejissor Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmində Yusif obrazını (uşaq vaxtı) səsləndirib. Bənzərsiz səs tembrinə malik olduğuna, prototiplərin xarakterlərini səsi ilə dəqiq çatdırdığına görə də “Mosfilm” və M.Qorki adına studiyaların filmlərinin, eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin səsləndirilməsinə tez-tez dəvət alıb. Dramatik və komik səpkili rolları məharətlə səsləndirdiyinə görə də çox vaxt səsin ona yox, məhz filmdəki obraza məxsus olduğunu zənn edir, dublyaj aktyorunun ifaçı qədər peşəkarlığının fərqinə varır, alqışlayırıq. Nadir istedadı ilə dublyaj sənətinin vacibliyini vurğulayan sənətkar “Qara daşlar” filmində Teymur, “Böyük dayaq”da Nəcəf, “Əhməd haradadır?”da Ramiz, “Yeddi oğlu istərəm”də Bayraqdar və başqa personajları qüsursuz və obrazlı səsləndirib. İstedadlı aktyor “Mozalan” kinosüjetlərinin səsləndirilməsində də yaxından iştirak edib.
Gənc Tamaşaçılar Teatrının səhnəsində fərqli xarakterlər yaradan aktyor sənət texnikasının mahir bilicisi kimi kiçik planlı kino obrazlarına da böyük uğur qazandırıb. Görkəmli sənətkar Adil İsgəndərov epizodik rolun vacibliyi haqqında fikrini belə ifadə edib: “Balaca rolları oynamaq daha çətindir. Aktyorda böyük istedad, məharət gərəkdir ki, epizodik ifadələr əsərə “yamaq” olmasın”. H.Sadıqovun kiçik planlı rollarının məhdud çərçivədə belə həyat mövqeyinin açılma səbəbi də aktyorun mütaliəsinin, sənət bilgisinin və həyat müşahidəsinin zənginliyindən irəli gəlir. Kinorejissorlar görkəmli sənətkara kiçik planlı rol həvalə edəndə rolun mahiyyətinin açılacağına, filmlərinə uğur gətirəcəyinə əmin idilər. Aktyorun kino obrazlarına nəzər salaq: “Ad günü” filmində Əlinin atası, “Yenilməz batalyon”da Feldfebel, “Şərikli çörək”də Paşa və başqa obrazları kiçikhəcmli və ya epizod rollar olsa da, personajların daxili aləminin, həyat mövqeyinin tanıdılması baxımından yaddaqalandır.
Kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” (1964) və Rusiya rejissoru Boris Rıtsarevin quruluş verdiyi “Ələddinin sehrli çırağı” (1966) filmi bu gün də tamaşaçıların maraqla baxdığı ekran əsərləridir. “Sehrli xalat” filmində vəzir, “Ələddinin sehrli çırağı” ekran əsərində isə baş vəzir obrazlarının insanlara biganə, xudbin münasibətləri, yalnız öz mənafeyini güdən cahil və qeyri-normal mövqeyi aktyorun ifasında dəqiq xarakterizə olunub, hər iki nağıl filmində aktyor peşəkarlığı rejissor ideyasını təsdiqləyib. İllərini böyük həvəslə məsləyinə sərf edən, sənətdə saçını ağardan Hüseynağa Sadıqovun “Babamızın babasının babası” filmində yaratdığı Əziz baba, “Alma almaya bənzər” filmindəki Nadir baba obrazları ilə həyat mövqeyi arasında sanki bir uyğunluq var. O, bu filmlərdə biliyə, elmə can atan, insanları sevgisinə sahib çıxmağa, düzlüyə, bir-birinə hörmət etməyə çağıran, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu tövsiyə edən obrazlar yaradıb. Bəlkə də obrazların ibrətamiz daxili bənzərliyi olduğuna görədir ki, həmin filmlər ideya-məzmun baxımından bu gün də geniş tamaşaçı auditoriyasının diqqətindədir.
Novruz soraqlı bir yaz günündə dünyaya göz açan sənətkarın həyat missiyası sanki insanlarda xoş əhval-ruhiyyə aşılamağa, onlarda həyat eşqi yaratmağa hesablanmışdı. Sənətkarın qızı Tamilla xanımın xatirələrindən: “Novruz bayramına atamın doğum gününü ilə birlikdə hazırlaşırdıq. Atam isə həmişəki kimi bayram günü də işdə olurdu. O, çox çalışırdı. Hesab edirdi ki, onun sənəti ictimaiyyətlə bağlı bir sənətdir və insanların ona ehtiyacı var. Atamın dostları çox idi. Qapımız qohumlarımızın, eləcə də atamın dostlarının üzünə həmişə açıq idi. Biz Moskvaya tez-tez gedirdik. Tanınmış Rusiya aktyorları Sergey Filippov, Vasili Merkurev, Yuri Nikulin Bakıya gələndə bizə də qonaq gəlirdilər. Evimiz həmişə qonaqlı-qaralı olurdu. Mən fəxr edirəm ki, mənim belə atam var.
Atamın kinoda sonuncu rolu “Babamızın babasının babası” (1981) filmində oldu. Həmin vaxtda ürək ağrıları başlamışdı. Deyirdi ki, mən sənətimi Xoruz baba, Piri baba rolları ilə başlamışam. Amma, deyəsən, Əziz baba rolu ilə bitirəcəm”.
Sənətkar haqlı idi. Əziz baba, təəssüf ki, onun tamaşaçılarla vidalaşdığı ekran obrazı oldu. O, pozitiv, zəhmətkeş, sevgisinə sadiq, mehriban xasiyyətli Əziz baba rolu ilə insanlara olan ürək sözünü çatdırdı və ağsaqqal nəsihətini verdi. 1983-cü il fevralın 23-də dünyasını dəyişdi.
Həyatın çətinliklərindən alnıaçıq çıxan, kələ-kötür yollarında yorulmayan, büdrədikdə şax durmağı bacaran Hüseynağa Sadıqov müdrik sənətkar idi. Sevib-seçdiyi sənətini ömrünün sonuna qədər ali səviyyədə, ustalıqla, məntiqli formada təqdim etdi. Ustad sənətkarın həyat eşqi sənətində, sənət missiyası həyatında əksini tapdı. Səmimi, yaşarı yaradıcılığa zəmin yaradan bu kimi vacib prinsiplər isə tamaşaçı diqqətindən yayınmadı. Sənətkar əzəmətini qəlbində, düşüncələrində sevə-sevə yaşatdı, ucaltdı, unutmadı.
Şəhla ƏMİRLİ, kinoşünas