Novruz bayramı Moskvada artıq onuncu ildir təntənəli şəkildə qeyd olunur. Bu il Moskvadakı Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruzu bayram edən ölkələrin milli pavilyonlarında rəngarəng təqdimatlar keçirilib.
Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, suvenirlər təqdim olunub. Bayram şənliyi çərçivəsində ənənəvi plov festivalı keçirilib. Müxtəlif xalqların milli mətbəx nümunələri əsasında plovları Rusiya paytaxtının ən məşhur restoranlarının aşpazları hazırlayıblar.
* * *
Berlin Etnologiya Muzeyində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin iştirakı ilə Novruz bayramı qeyd edilib.
“Etnologiya Muzeyinin Dostları” İctimai Birliyinin sədri Yoxen Brüninq çıxış edərək Novruz bayramının qədim tarixə malik olması və geniş coğrafi məkanda qeyd edilməsi barədə məlumat verib. Sonra iştirakçı ölkələrdən gəlmiş musiqi qrupları çıxış ediblər.
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının iştirakı ilə Novruz proqramında ölkəmizin milli stendi qurulub, “Təbəssüm” rəqs qrupunun ifasında milli rəqslərimiz tamaşaçılara təqdim olunub.
* * *
Brüssel İncəsənət Sarayında Novruz bayramını qeyd edən ölkələrdən Azərbaycan, Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Türkiyə və İranın iştirakı ilə tədbir keçirilib. Tədbirdə UNESCO təmsilçisi Krista Pikkat çıxış edib. Sonra konsert proqramları təqdim olunub, stendlər nümayiş etdirilib.
Ölkəmizə aid stenddə Novruz xonçası, mədəniyyətimizi, tariximizi və milli mətbəximizi əks etdirən broşürlər nümayiş olunub. TÜRKSOY-un təşkilatçılığı ilə bu quruma üzv ölkələrin nümayəndələri mədəni proqramla çıxış ediblər. Azərbaycanın “Cəngi” rəqs ansamblının çıxışı rəğbətlə qarşılanıb.
* * *
Pekin Xarici Dillər Universitetində ilk dəfə Novruza həsr edilən tədbir keçirilib. Tədbirdə bu bayramın ölkəmizdə təmtəraqla keçirilməsindən, Novruz adət-ənənələrindən, bayramla bağlı xalq oyunlarından bəhs olunub.
Sonra universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan birinci kurs tələbələri bayram proqramı təqdim ediblər. Tələbələrin ifasında Novruza aid mahnılar, şeirlər səslənib, səhnəciklər nümayiş etdirilib.