Gəncədə Xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib

Görkəmli aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Ələddin Abbasov iyulun 13-də, 92 yaşında dünyasını dəyişib. Qocaman sənətkar zəngin yaradıcılıq yolu keçərək teatr və kinoda dəyərli izlər qoyub.

Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncədə doğulub. 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub, iki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, bir sıra kütləvi səhnələrdə oynayıb. 1939-cu ildə teatrın truppasına qəbul olunub. Bu sənət ocağında xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə və başqa görkəmli aktyorlarla çiyin-çiyinə çalışıb. 1958-ci ildə Əməkdar artist, 1971-ci ildə isə Xalq artisti adına layiq görülən aktyor teatr tamaşaları ilə yanaşı, filmlərdə də maraqlı obrazlar yaradıb. 1969-cu ildə kinorejissor Hüseyn Seyidzadənin Xalq yazıçısı İsmayıl Şıxlının romanı əsasında lentə aldığı "Dəli Kür" filmində yaratdığı Cahandar ağa rolu ilə məşhurlaşıb. Bundan əlavə, “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Mən ki gözəl deyildim" (İmran), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar”), "Özgə vaxt" (Ata) və s. filmlərdə çəkilib.
Ələddin Abbasov 1939-cu ildən yaradıcı ömrünü Gəncə Dövlət Dram Teatrına bağlayıb. Son mənzilə də bu səhnədən yola salınıb. İyulun 14-də keçirilən vida mərasimində şəhər rəhbərliyi, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin görkəmli aktyorun vəfatı ilə bağlı başsağlığı məktubu oxunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, xalq artistləri Pərvanə Qurbanova, Vaqif Şərifov, Məmmədəli Balayev, akademik Fuad Əliyev və başqaları çıxış edərək Ələddin Abbasovun dünya və Azərbaycan dramaturgiyasının səhnə nümunələrində yaratdığı unudulmaz obrazlardan danışıblar. Qeyd edilib ki, aktyorun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən qiymətləndirilib, Xalq artisti fəxri adına, Prezident təqaüdünə layiq görülüb.
Mərhumun ailə üzvləri adından çıxış edən Aslan Abbasov sənətkarın xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, dəfn mərasiminin təşkilinə görə Gəncə Şəhər İcra Hakimiyyətinə təşəkkür edib.
Sonra Ələddin Abbasov “Dəli Kür” filmindəki “Ana Kür” mahnısının sədaları altında son mənzilə yola salınıb. Mərhum Gəncədəki Fəxri xiyabanda dəfn edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar