Sabir Şahtaxtı (Hacıyev) 2014-cü ildən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) qardaş Türkiyədəki bürosunun rəhbəri kimi fəaliyyət göstərir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı  kitab və məqalələrin müəllifidir. Əsərləri türk, rus, fars, ingilis dillərində nəşr edilib.

Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımları tarix boyu müxtəlif formalarda həyata keçirilib. Ermənilərin təcavüzkar əməlləri ilə bərabər, tarixi saxtakarlıq cəhdləri də davam edir. Bu cəhdlərə qarşı tarixi həqiqətlərin üzə çıxarılması və dünyaya yayılmasında ölkəmizdən kənarda fəaliyyət göstərən media təmsilçilərinin üzərinə xüsusi məsuliyyət düşür.

Həmkarım Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bu mövzuda fikir və düşüncələrini bizimlə bölüşdü.

- Ermənilərin digər millətlərə qarşı düşmənçiliyi, erməni təcavüzkarlığı çoxistiqamətli, təhlükəli bir fəaliyyətdir. Çünki onun əsasını qeyri-sağlam, bəşəri dəyərlərə ziddi, insanlıq əleyhinə olan prinsiplər təşkil edir. Hər dəfə dəyişən ictimai-siyasi şəraitdə fəallaşan erməni millətçi dairələri məqsədə çatmaq üçün cinayəti fəaliyyət norması kimi qəbul ediblər. XX əsrdə Azərbaycan xalqının tarixində qara səhifələr var: 1918-ci ilin mart soyqırımı, 1990-cı ilin 20 Yanvar faciəsi və 1992-ci ilin Xocalı soyqırımı. Bu acılı günlərin hər biri saxta “erməni məsələsi”ndən doğaraq Azərbaycan xalqının qanına susayan erməni təcavüzkarlığı ilə birbaşa bağlıdır. Sadaladığımız cinayətlərin hər biri tamamilə fərqli bir ictimai-siyasi şəraitdə baş verib. Deməli, hiyləgər düşmən növbəti tarixi cinayəti törətmək üçün hər an yeni bir fürsəti gözləməkdədir.

Təcavüzkar Ermənistan dövləti və erməni kilsəsinin rəhbərliyi ilə istiqamətləndirilən erməni millətçi dairələri tarixdə ilk dəfədir ki, törətdikləri bəşəri cinayətlərlə və əsasız iddiaları ilə bağlı güclü bir müqavimətlə rastlaşıblar. Bunun başlıca səbəbi Azərbaycanın müstəqilliyi, dövlətimizin güc və qüdrətinin artmasıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 26 mart 1998-ci ildə imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni təcavüzkarlığının qarşısını almaq, xalqımıza qarşı törədilən tarixi cinayətləri öyrənmək və dünyaya tanıtmaq istiqamətində bir yol xəritəsidir. Hər bir azərbaycanlı tarixçi, tədqiqatçı-yazar, jurnalist və ümumiyyətlə, xalqını, vətənini sevən ziyalı bu yol xəritəsi əsasında tarixi gerçəklərin beynəlxalq ictimaiyyətə çatdırılması yönündə imkan və bacarığını əsirgəməməlidir.

XX əsrin ilk illərindən başlayaraq erməniləri Osmanlı dövlətinə qarşı silahlandıran və qiyamlara təhrik edən böyük güclər müasir dövrdə Türkiyəni davamlı olaraq saxta “erməni soyqırımı” iddiası ilə məşğul etməyə çalışırlar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı əsassız ərazi iddiasından doğan işğal faktı da göz önündədir. Odur ki, biz ölkəmizdən kənarda çalışan media təmsilçiləri olaraq yerli mətbuatda, konfranslarda çıxışlarımızda davamlı olaraq bu məsələləri paralel şəkildə qaldırmağa çalışırıq. Azərbaycanın tarixi və müasir həqiqətlərini dünya ictimaiyyətinə, eləcə də qardaş ölkəyə çatdırmaq istiqamətində ayrı-ayrı qurumlar, eləcə də QHT-lər tərəfindən də böyük işlər görülür.

İstəyirik ki, hər bir məsələdə, eləcə də Dağlıq Qarabağ münaqişəsinə aid yazıların, reportajların hazırlanmasında faktlardan düzgün istifadə olunsun. AZƏRTAC-ın təmsilçiliyi olaraq Türkiyədə gördüyümüz işlərə gəldikdə isə, TRT-nin Azərbaycan radiosu, “Bengü türk” TV, o cümlədən İHA xəbər agentliyi, Avrasiya Araşdırmalar Mərkəzi (AVİM), EkoAvrasiya və digər xəbər mənbələrindəki çıxışlarımız və o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə və müasir vəziyyətinə aid nəşrlərimiz maraqla qarşılanır. Qarşıda duran əsas məqsədlərdən biri bu işləri Türkiyənin ayrı-ayrı vilayətlərində fəaliyyət göstərən yerli KİV-lərlə də həyata keçirməkdir. Ötən il Prezident İlham Əliyevin imzaladığı “1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamda qarşıya qoyulan vəzifələrdən irəli gələn çox sayda çıxışlarımız olub. O cümlədən, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına aid işlərə böyük diqqət göstəririk.

Bu bizim media təmsilçisi olaraq fəaliyyətimizin strateji bir istiqamətidir. Bir də var vətəndaşlıq borcu. Fəaliyyətdə bu iki borcu birləşdirə biləndə daha səmərəli nəticələr alınır. Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir. Xalqımız üçün milli varlıq olan bu dövlətə, xalqımızın ümumi maraqlarına xidmət etməyə aid hər bir iş öz-özlüyündə çox şərəflidir.

Mehparə SULTANOVA
Ankara