Xüsusi qayğıya ehtiyacı olan istedadlara dəstək
Bakı Rəsm Qalereyasında 2 aprel – “Dünya autizm məlumatlandırma günü” münasibətilə gənc rəssam Adəm Rəhimovun fərdi sərgisi keçirilib.
Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunan sərgidə Adəm Rəhimovun 50-yə yaxın yağlı boya və qrafika janrında çəkdiyi rəsmləri nümayiş etdirilib.
Qalereyanın direktoru Eldəniz Babayev bildirib ki, sənət ocağı uşaq, yeniyetmə və gənclərin yaradıcılığının inkişafı üçün müxtəlif layihələr həyata keçirir: “Bu sərginin təşkilində də məqsədimiz Adəm Rəhimovun simasında xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək verməkdir”.
Adəm Rəhimovun sənət dünyasından söz açan Xalq artisti Ramiz Məlik bildirib ki, onun Qarabağ mövzusunda təsvir etdiyi kompozisiya, təbiət mövzuları və natürmortlar çox rəngarəng və lakonikdir. Onun gənc olmasına baxmayaraq, özünü təsdiqləməsi çox təqdirəlayiqdir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək müəllifin əsərlərini yüksək qiymətləndirərək ona yeni-yeni uğurlar arzulayıblar.