“Əvvəlcə adamlar güldülər, məzhəkəçilər isə sonra peyda oldular”. Bu, çoxmənalı, insanı dürlü-dürlü düşüncələrə qərq edən, bədii söz yaradıcılığına daha yaxın kəsləri isə həm də meydan tamaşalarından üzü bəri klassik və çağdaş komik dramaturgiya, komediya teatrının vəziyyəti barədə söz deməyə səsləyən kəlamı XVIII-XIX əsrlərdə yaşamış alman publisisti, filosofu Jan Pol (Johann Paul Friedrich Richter) söyləyib.

Məramımız gülüşün insan həyatında psixoloji və fizioloji olaraq yerindən, əhəmiyyətindən danışmaq deyil. Bu işi görmək, araşdırmaq üçün alimlər var. Biz bir qədər “dargözlük” edirik: teatr səhnəsində komediya janrının nümunəsi kimi təqdim edilən əsərlərin repertuardakı yeri və payı barədə danışmaq istəyirik. Niyə məhz teatrdan danışırıq, kinodan yox? Bu da səbəbsiz deyil.

Paytaxtımızdakı böyük truppaya malik teatrların cari repertuarını nəzərdən keçirəndə nə görürük? Azərbaycan Dövlət Akademik Musiqili Teatrından başqa (Opera və Balet, Kukla teatrları istiqamət və ifaçılıq xüsusiyyətləri baxımından müzakirə edilmir) heç bir teatrın afişasında müasir müəllifin komediyası yoxdur.

Bəli, klassiklərimiz – Mirzə Fətəlinin də, Mirzə Cəlilin də komediyaları repertuardadır. Özü də təkcə Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarında deyil, həm də Akademik Rus Dram Teatrında.

Bəs müasirlər, XX və XXI əsrdə yazıb-yaratmışlardan kimlərin əsərləri var repertuarda? Məsələn, Milli Dram Teatrında Hüseynbala Mirələmovun “Vəsiyyət” komediyasını qeyd edə bilərik. Teatrın repertuarında maraqlı komik əsərlər var, amma cari repertuarda yer alanlar heç də öz müəlliflərimizin əsərləri deyil.

Bu gün gənc, orta və artıq yaşlı nəslin nümayəndələri komediyalar yazırlarmı, teatrlara təqdim olunurmu, bəyənilirmi, yaxud bəyənilən əsərlər hansı səbəbdən səhnə üzü görmür? Hər halda teatr rejissorları ilə danışanda illərdir ki, eyni gileyləri eşidirik: yazmırlar, ya da yazdıqları çox zəifdir...

Lakin teatrda təkcə melodrama, faciəyə, yaxud klassik satiraya deyil, həm də müasir insanları düşündürərək güldürən xoşniyyətli, yumşaq islahedici gülüşlə qarşılaşmaq istəyən tamaşaçı aktyora yox, qəhrəmanların düşdüyü situasiyaya ürəkdən gülmək istəyirsə, onda necə olsun? Bu məqamda zərb-məsələ çevrilmiş bir ifadə yada düşür:

 

Yenilik yaxşı unudulmuş köhnəlikdir

 

Bu gün teatrların repertuarında Mirzə İbrahimovun, Sabit Rəhmanın, Şıxəli Qurbanovun, Salam Qədirzadənin, Əliağa Kürçaylının, Məhərrəm Əlizadənin pyeslərinə rast gəlinmir. Sovet dövrü ədəbiyyatına bələd olmayan adama elə görünə bilər ki, Mirzə Fətəlidən, Mirzə Cəlildən sonra bir neçə onilliklər Azərbaycanda komediya yazılmayıb. Çünki illərdir ki, bu müəlliflərin pyesləri tamaşaya qoyulmur. Nəzərə alsaq ki, çox az adam pyes mütaliə etməyə meyil göstərir, bir neçə ildən sonra adını çəkdiyimiz və çəkmədiyimiz bir sıra müəllifləri sırf peşəyönümü baxımından teatra və ədəbiyyata bağlı olanlardan savayı kimsə tanımayacaq.

Məsələn, götürək Mirzə İbrahimovu. Orta məktəblərin ədəbiyyat tədris planında ayrı-ayrı siniflərdə onun “Azad” hekayəsi, “Gələcək gün” və “Böyük dayaq” romanı keçilir. Yeri gəlmişkən, “Böyük dayaq” romanı artıq 11-ci sinfin proqramından çıxarılıb, dərslikdə Mirzə İbrahimov haqqında verilən təxminən birsəhifəlik yazıda onun pyes qələmə alması barədə heç məlumat da verilmir. Sabit Rəhman barədə də həmçinin. Belə çıxır ki, Azərbaycanda bu klassikləri, eləcə də ötən illərdə salonları dolduran duzlu-məzəli komediyaların müəlliflərini tanımayacaq nəsil yetişməkdədir. Oxucu bu yerdə etiraz edib deyə bilər ki, daha bu qədər də yox! Ən azından ona görə ki, “Böyük dayaq”, “Ulduz” filmləri bütün telekanallarımızda tez-tez göstərilir. Haqlısınız. Amma siz əminsiniz ki, bütün teleseyrçilər hər hansı filmin, o cümlədən də adını çəkdiyimiz filmlərin hansı roman və ya pyesin əsasında lentə alındığına, ssenari müəllifinin adına diqqət yetirirlər?

Bizim bu mövzuya belə həssas yanaşmağımız gərək təəccüblü gəlməsin.

Məsələ ondadır ki, bu müəllifləri tanımamaq həm də əsl gülüşdən, komediyadan, islahedici zarafatdan uzaq olmaqla nəticələnir. Bu gün az-çox savadı, mütaliəsi olanlar gənclərin nələrə güldüyünə, nəyi “prikol” saydığına, ucuz, mənasız, əttökən gülüşü komediya kimi təqdim edən serialları, proqramları, tamaşa-konsertləri həvəslə gözlədiyinə, bu tipə aid edilən kommersiya filmlərinin kinoteatrlarda nümayişinə, axınına heyrətlənir. Əslində, heyrətlənməyə dəyməz. Çünki tamaşa salonunda, kinoteatrda əyləşib ürəkdən gülmək istəyən, yaşı 15-45 arası olan orta statistik Azərbaycan insanına alternativ komediya təqdim edilmir.

Bəli, o fikirlə də razıyıq ki, sovet dövründə yazılmış, səhnəyə qoyulmuş komediyaların əksəriyyəti zamanın ideoloji tələblərinə uyğun idi, gülüş hədəfi də kommunist ideologiyasının antipod hesab etdikləri idi. Bəlkə də, bu gün S.Rəhmanın “Toy” komediyasını elə ilk quruluşlarda olduğu kimi, özbaşına qərar verən, bürokrat, vəzifəsini öz istəklərinə tabe etdirmiş, inqilabçı olduğu üçün özünü bütün yüksək mərtəbələrə layiq bilən kolxoz sədri Kərəmova gənclərin necə toy tutması əhvalatı kimi səhnələşdirsək, bir qədər çətin görünər. Hərçənd əsərə XXI əsrin pəncərəsindən baxmağı bacaran, 80 ilin komediyasında bu günün nəbzinin vurduğunu hiss edən rejissor bu əsərə də müraciət edə bilər. Kərəmovların bu gün də mövcud olduğunu nəzərə alsaq, yaxın dövr klassikasına müraciət çox ciddi uğur da vəd edə bilər. S.Rəhmanın 2005-ci ildə çapdan çıxmış “Seçilmiş əsərləri”nin I cildinə ön sözündə professor Yaşar Qarayev bu fikirləri əbəs yerə yazmamışdı: “Maraqlıdır, gülüşün hər şeydən ilkinliyi və üstünlüyü kimi bir müstəsnalıq bütünlükdə bizim milli səhnədə də bədii tərəqqiyə xas ənənəvi tarixi “intizamı”, “estetik-tipoloji qanunauyğunluğu” pozmuşdur. Burada da məzhəkə faciədən, Mirzə Fətəli Axundov Nəcəf bəy Vəzirovdan əvvəl doğulmuşdur. Milli peşəkar teatrın əsasları hələ XIX əsrdə “Təmsilat”la qoyulmuşdur. Daha sonrakı dövrün – XX əsrin ən tragik monoloqu da səhnədə faciədən yox, məzhəkədən eşidilmişdir – “Ölülər”dən! Müasir Azərbaycan teatrında bu ənənəni klassik səviyyədə qoruyan və irəli aparan Sabit Rəhman oldu”.

 

Bəs “Xoşbəxtlər” nə vaxt olacaq?

 

Ötən əsrin 50-ci illərində “Azdrama”da hər nümayişi anşlaq keçən bir ailə məzhəkəsi səhnədə idi ki, adı da “Xoşbəxtlər”. Hətta bu tamaşa ilə bağlı gerçək əhvalat da baş verib ki, bu günədək teatr aləmində lətifə kimi dolaşır.

Məmməd Səid Ordubadi ömrünün son illərində şəhərə çox çıxmazmış. Amma aradabir teatra zəng vurub “Qılınc və qələm” romanı əsasında səhnələşdirilmiş tamaşanın oynanılması ilə maraqlanarmış. Lakin onun hər “bu axşam hansı tamaşa var?” sualına bir cavab verərmişlər: “Xoşbəxtlər”. Nəhayət, bir gün görkəmli yazıçı dözməyib ikinci sualı verir: “Bəs bizim “bədbəxtlər” nə vaxt olacaq?”.

Cavanlara və teatrdan bir qədər uzaq olanlara əsər barədə ötəri məlumat verək ki, “Xoşbəxtlər”in dörd əsas qəhrəmanı var: Mürşid-İnci və Sadıq-Gülər cütlüyü. Tikinti mühəndisi olan kişilər işi, qadınlar isə ailəni vacib bildikləri üçün aralarında narazılıq var. Kişilər çıxış yolu kimi boşanmağa qərar verirlər. Amma sonda…

Birdən hansısa teatr bu gözəl, bir neçə paralel konfliktlə davam edən, xoşbəxt sonluqla bitən bu əsərə bəlkə müraciət edər deyə, marağı azaltmamaq üçün məzmunu danışmırıq. Lakin əsərdən bir sitatı mütləq gətirməliyik ki, “Xoşbəxtlər”in indi də nə qədər aktual olduğu görünsün: “O vaxt elə bilirdim ki, ailə mənə mane olur, irəli getməyə qoymur. Ailəsiz xoşbəxt olaram. Halbuki indi başa düşürəm, ailə xoşbəxtliyin ocağı imiş”.

Yəni əsas leytmotivi bu ideya olan əsər günümüzlə səsləşmir ki?

 

“Yaxşı adam”, yoxsa “Kəndçi qızı”?

 

Mirzə İbrahimovun cəmi iki komediyası var ki, bunlardan biri 1961-ci ildə (“Kəndçi qızı”), o biri də 1963-cü ildə (“Yaxşı adam”) ilk dəfə səhnələşdirilib. Maraqlıdır ki, konfliktlərin daha qabarıq verildiyi, sovet dramaturgiyasının nəyə gülməli olduğu daha asanlıqla bilinən “Kəndçi qızı”nın səhnə taleyi daha uğurlu olub və əsər qısa fasilələrlə təxminən otuz il səhnədən düşməyib. Çağdaş Azərbaycan cəmiyyətində kənd-şəhər adamı bölgüsü istər psixoloji, istəsə də sosioloji baxımdan otuz il əvvəlki kəskinliyini və qabarıqlığını itirdiyindən “Kəndçi qızı”nın bugünkü səhnə taleyinin uğurlu olacağı bir qədər şübhəli görünə bilər. Lakin “Yaxşı adam” bir ailədə böyümüş, təhsil almış üç bacının – Töhfə, Qönçə və Zöhrənin həyat yoldaşı seçiminə münasibətinin bənzərsizliyi (çoxbilmiş, çılğın, təmkinli), valideynlərin, xüsusən də ananın qohum nikahına üstünlük verməsi, cavanların müstəqilliyi aşırı sərbəstlik və özbaşınalıq kimi zənn etməsi bu gün də Azərbaycan cəmiyyəti üçün aktuallığını itirməmiş mövzulardır. Çox ola bilsin ki, zamanında “Yaxşı adam”da dramaturji konfliktin bir qədər zəifliyi, yaxud səhnə həllində hansısa məqamın düzgün vurğulanmaması bu pyesin səs salan tamaşa kimi yadda qalmasına mane olub. Əgər pyesin bəxti gətirməyibsə də, deməli, onu bu günlə səsləşən tamaşa kimi hazırlamaq şansı daha böyükdür.

 

Hər P.S. sonradan gələn söz deyil…

 

Yazının əvvəlində adını çəkdiyimiz dramaturqların hər birinin əsərləri, onların səhnə taleyi barədə də söz demək, nələrisə yada salmaq olardı. Məqsədimiz komediya tamaşası axtaran seyrçinin zövqünü oxşaya biləcək, bu yolla da cəmiyyətdə ucuz gülüşə meylin güclənməsinin qarşısını almaq üçün bir xatırlatma etmək idi. Yəni bundan sonrası teatrların, rejissorların öhdəsində…

Gülcahan MİRMƏMMƏD