“Sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi” sualını “müsahib”inin nəfinə reallaşdırmış Əli Kərim...

Füzuli haqqında: “Dünya səni qocaltdı, yaşıdın olsun deyə...”, “Bəzən necə gözəlsən, Ölüm, – sən ey səadət!”, “Səni yaxşı görmək üçün, Kədərimi bir daş kimi Qoymuşam ayağımın altına, Qalmışam boylana-boylana” demiş, övladlarını və “seçilmiş oxucularını”  başdan-başa milli mənəviyyatla qidalandırası ləyaqətli bir ömür yaşamış Əli Kərim...

1931-ci il martın 18-də Göyçayda doğulub, 1948-də Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə daxil olub, yataqxana ucbatından Azərbaycan Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçməli olan, buranın 3-cü kursundan isə (böyük ədəbiyyat-sənət istedadı “maneçiliyi”ndən) Moskvaya –1955-də fərqlənmə diplomu ilə bitirəcəyi Dünya Ədəbiyyatı İnstitutuna göndərilən, iki il sonra (1957) “İlk simfoniya” poeması elə həmin şəhərdə keçirilən “Tələbələrin VI Ümumdünya Festivalı”nda mükafata layiq görülən, bundan bir il ötər-ötməz orada ilk kitabı – “İki sevgili” (rus dilində) nəşr olunan, Bakıya qayıtdıqdan və qısa ömrü ərzində beş-on “ictimai xoş gün” görəcəyi “Azərbaycan” jurnalı redaksiyasında şeir şöbəsinin müdiri işləyəndən sonra…

Bəli, hər şey bu “sonra”dan –

 

Sonra başlayıb…

 

Otuz səkkiz illik ömrü bitdikdən dərhal sonra, böyük dilçi alim Tofiq Hacıyevin “Əli Kərim ömrü poeziyamızda, öz şair sözü kimi, atributa çevrildi”, döyüşkən Rəsul Rzanın “Qayğı sözü – qayğı özü”, ulu Məmməd Arazın “Əli Kərim təvazökarlığı Əli Kərim istedadı ilə əkiz doğulubmuş” kimi postulatlarıyla dəyərləndiriləsi, vaxt ötdükcə, qədirbilən həmkarları, oxucuları və ədəbiyyatşünasların “Dinmə, ey kədər”, “Nə xoşbəxt imişəm!”, “Şeirimizin Əli Kərim zirvəsi”, “Şeirimizdə Əli Kərim həqiqətləri”, “Əli Kərim novatorluğu əbədi səfərdə”, “Əli Kərim qələminin tabloları”, “Poeziyamızın Əli Kərim kəhkəşanı” başlıqlı xatirələri, “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, “Əli Kərim üslubu” və b. monoqrafiya və məqalələrilə qiymətləndirəcəyi bu şair sağlığında pərdəarxası ideoloji faciələr yaşayıb.

Yox, bu nakam xələf dünənki sələflərinin “...baxıb Türkün bayrağına!” kimi hayqırtılar etməyib, sadəcə, çağdaşlarının “Bu büsatdan de-danış”, “Partbiletim sol cibimdə – ürəyimin başındadır” kimi bolşevik bağırtılarına qoşulmur, “Qaytar ana borcunu”,  “Neyləyim, şeirlə dərd söyləyirəm” kimi şeirlər, kitablar yazırdı. “Babək” şeirində əqidə yolunda kəsilmiş qolları qəhrəmanlaşdırır, mahnılaşdırılan misralarında tək elə “Nə gəlməz oldun”, “Qayıt” kimi trafaretlər yox, qəlbindəki milli istək “sətiraltılar”ını hədəfləyən “Azərbaycanım mənim!” mesajları, “Nə xoşbəxt imişəm!” nostaljiləri də edirdi...

Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı.
Hamıya dərd olur “cavan getməyi”,
“Onu qoyardıqmı heç gözdən iraq?”

Bu şairin ilk gənclikdə yazdığı “Qaytar ana borcunu” şeirini hələ də onun vizit kartı sayırlar. Məncə, bu vurğunluqda bir günah da yatır – “Atamın xatirəsi” şeirinin kölgələnməsi “babal”ı. Diqqətlənək;  

Gizli-gizli məni süzüb gülərdi hərdən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Gah istəyib məni görə, gah da deyib ki,
qoy bilməsin...
Utanıb o öz ölümündən...

Yaxud, son dövrlər az qala ritorika burulğanına çevrilən şəhidliyi yarım əsr bundan irəli “Nəsimi zirvəsi” ilə ucaltması:

Təpədən dırnağadək
soyalar bir adamı;
Necə ola – dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin...

“Gənclik şeirləri” (?)

Çox həmkarları üçün sözəqüvvət (bəzən, “bəzək”) kimi işlədilən bu tərkib bu şairin yaradıcılıq irsinə daha bir müdriklik, ağsaqqallıq qatır. Məsələn, 1954-də (23 yaşında) yazdığı “Bakı küləyi” və “O qıza” şeirlərindən parçalar:

Sən ey soyuq xəzri, isti gilavar!
Gəlsə də yuxutək bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.
Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb bir evdə yatam!..

* * *

Bilmirəm nə boydasan, nə görkəmdə, nə adda,
Ağıl da öz yerində, kamal da öz yerində,
Bir gözəllik də görüm mənalı gözlərində.
Səni harda axtarım? De nəçisən, de kimsən?
Tez ol, görün, tez ol gəl, axtarıram səni mən –
İlk baharı gözləyən cavan bir ağac kimi.
Ay qız, gəl bahar kimi...

R.Rzanın “Əgər şair ömrü əsərlərilə ölçülürsə, deməli, Əli vəfat etməyib, Əli sağdır”, M.Arazın “Əli Kərimi onsuz daha dərindən duyub-dərk elədik; daha o, araya söz qatıb, ondan danışmaq imkanımızı əlimizdən ala bilmir...”, V.Yusiflinin “Güman ki, Ə.Kərim toxluğu, Ə.Kərim “dilsiz”liyi onu heç vaxt XALQ ŞAİRİ olmağa qoymayacaqdı, amma o, Allahın bəxş etdiyi bənzərsiz “Əli Kərim statusu”nu heç vaxt qeyb etməyəcək” fikirlərindən sonra, əsl hədəf-xatirələrdən ibarət –

 

Triptix

 

Ona görə rəssamlıq termini işlədirəm ki, bu üç xatirənin hər biri təbii bir lövhə...

 

Öncə, istəkli yarı – ömür-gün yoldaşı Elza xanımdan:  

“1957-ci ildə tanış olmuşuq. Bir gün atamın yaxın dostu İ.Tapdıq gəldi ki, bir tərcümədə ona kömək edim. Terminlərdən birində çətinlik çəkdiyimdən İlyas bir dostuna zəng etdi və sözü mən izah etməli oldum. Tərslikdən, o da bilmədi və dedi, nömrəni verin, bir nəfərdən öyrənib deyərəm.

Və... sən demə, o adam Əli imiş və səsimdən xoşu gəlibmiş.

O tez-tez gəlib, yaşadığımız Lermontov küçəsində, eyni nöqtədə dayanar, rastlaşandasa bacımla danışardı. Bir kərə özümdə güc tapıb özüm dilləndim: “yaxşı da, kiməsə görə gəlib, başqası ilə danışırsız”. Dedi, yox, mən Lermontovu çox sevdiyimçün hər gün burdayam...  

Sonralar incikliklərimiz də olurdu, güzəranımız ağır keçirdi, amma bunlar da mənə xoş idi. AZİ-nin (Neft-Kimya İnstitutu) əlaçı tələbəsiydim, deyilənə görə, çox da gözəldim; 3-ü kursda Rza Şah Bakıya gəlmişdi, aparıb ona gül verməyimi təkid etdilər və... sonra İran səfiri bizə elçi gəldi. Amma mən Əlini seçdim...

Onu necə sevdimsə, tələbəykən evlənməyə razılıq verdim. 1958-ci il aprelin 30-da   toyumuz oldu və ilk poemasına görə verilən mükafatın puluyla aldığı birotaqlı evinə yığışdıq. 

Mən səmimi danışıram, “nekroloq”-xatirələrində “ay məni belə sevirdi, mən belə sevirdim” yazan qadınlar kimi yox. Bir şeirində deyir e: “Ölüm gəlib, sadəlövh bir gözəli aldadırdı” - o məndim. 

Birlikdə onbircə il yaşadıq. Dünyasını dəyişəndə 29 yaşım vardı.

Bir dəfə dedi, qolum ağrıyır. Sonra təngnəfəs oldu. Orxan da balacadır, hey ağlayır. Atam uşağın üstünə “kəs səsini!” qışqıranda Əli çox tutuldu. Gecəyarı məni daş kimi yuxu tutub, anam uşağa baxmaqçün sakitcə otağa girib görür Əli (“sanki axırıncı baxışlarla”) Orxana necə baxır, necə baxır! Hələ şeirlərindən birindəki vəsiyyət...

…Gecələr
yazmaq,
oxumaq eşqi gələndə
asın təbəssümümü –
divar lampası kimi,
başları üstdən
üç canımın –
Paşamın,
Azərimin,
Orxanımın…

O az müddətdə övladlarıyçün çox əziyyətlərə qatlaşdı. Rəhmətə gedəndən sonra dörd ay heç yaxın adamları da tanımırmışam. Nəhayət, özümə gəldim, uşaqlarımızı oxutdum. Ata-anam kömək edirdi, özünün kitabları çıxırdı. Mən o pulların hamısını uşaqların təhsilinə xərclədim. İndi iki oğlum elmlər doktorudur. Ancaq, sözsüz ki, Əlini əvəz eləyə bilmədim. O, nələr eləmirdi?! Onun kimi ata yox idi! Çalışırdım Əlinin ruhu şad olsun...

Yaxşı dostları onu yaman çox istəyirdilər. Meyitini xəstəxanaya aparanda M.Araz onu xərəyə qoymağa razı olmadı, köməkləşib qucaqlarında apardılar”.

 

Paşa Əlioğlu:

“Atamı, daha çox, gecə-gündüz yazıb-oxuyan biri kimi xatırlayıram. 

“Atamın xatirəsi” adlı şeirində “O sərt idi...” yazan atam çox mülayim idi. Bizə yalnız oxumağı aşılayardı. Bir dəfə futbol oynarkən, gözüm yerdəki bir qəzet qırığına sataşdı və götürüb oxumağa başladım. Uşaqlar qışqır-bağır saldılar ki, əşşi, oxumaq bazarıdı, oyuna fikir ver. Sən demə, atam pəncərədən baxırmış. Bu mənzərəyə xeyli gülüb və anama deyib ki, deyəsən, bu uşaq da bizim çətin yolun yolçusu olacaq. 

Güclü yumor hissi də vardı. Hər dəfə məktəbdən çıxanda bizi ya o qarşılayırdı, ya anam. Bir kərə (sonuncu dərs olmadığından) tək qayıtmalı oldum. Evə çataçatda çox bərk hürən bir itlə qarşılaşdıq, qorxduq və it qapımızadək mənim böyrümcə gəldi. Evdə hadisəni danışdım. Bu qorxulu “vaqeə” ab-havasını götürmək istəyən atam gülə-gülə qayıtdı ki, bəs deyirdiniz mənim oğlum evə tək gəlib… 

O hər dəfə evə girəndə çox sevinirdik. Deyirdi, mövqeyindən, yaşından asılı olmayaraq hər kəsdən nələrsə öyrənmək mümkündü. Onda səkkiz-doqquz yaşım olardı, hərdən şeir yazırdım və atam mənim bu cəhdimi də dəstəkləyirdi.

Onda hamının zövqünə hörmət hissi də vardı, hamını öz zövqünə uyğunlaşdırmaq qabiliyyəti də. Bunlar onun həyat fəlsəfəsi idi.

Onun 38 yaşı vardı, mənim 10. Ən çox onun son baxışını xatırlayıram. Xəstəxanaya getdiyi an çönüb otağa ani bir göz gəzdirdi, bizə isə... elə bil, hələ də baxır...”

 

Və böyük istedad həmkarı Musa Yaqub:

“Ölümündən bir qədər əvvəl metronun “Gənclik” stansiyası perronunda dayanıb qatar gözlərkən vaqondan düşən Əli Kərimlə rastlaşdım. Hal-əhval tutduq, ayrılmaq məqamında gileyləndi, öz-özünə danışırmış kimi: “Mən “Gənclik”də düşəsi deyildim, səhvən, burda düşmüşəm”, - dedi.

O sözlər yadıma düşəndə həmişə kövrəlirəm. Əli həyat qatarından da “səhvən” gənclikdə düşdü...”

Tahir ABBASLI