“Mədəniyyət.AZ” jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın bu sayında da tarix və mədəni irsimiz, ədəbiyyat və incəsənətimizlə bağlı maraqlı yazılar, eləcə də elmi məqalələr yer alıb.
Nəşrdə həmçinin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə bağlı ziyalıların fikirləri təqdim edilir, bu il 150 illiyi qeyd olunan böyük Mirzə Cəlilin irsi araşdırılır.
Ədəbi-mədəni əlaqələr kontekstində soydaşımız – Özbəkistanın görkəmli ədibi, ədəbiyyatşünas, 100 illik yubileyi qeyd olunan Maqsud Şeyxzadə ehtiramla anılır.
“Ədəbiyyat” bölümündə həm də “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınmış nümayəndəsi Əli Nəzmi və XX əsrin 50-60-cı illərində Amerikada Azərbaycan ədəbiyyatı üzrə elmi ad alan ilk tədqiqatçımız Səkinə Birincianın xatirəsinə həsr olunmuş məqalələr dərc olunub.
Fransız aktyoru və rejissoru Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” kitabından fraqmentlər də oxucuların marağına səbəb olacaq.