Türkiyənin paytaxtı Ankarada Banqladeşin müstəqilliyinin 48-ci ildönümü və Milli günü münasibətilə mərasim keçirildi. Qeyd edək ki, Banqladeş Xalq Respublikasının Türkiyə böyükelçisi Allama Siddiki, iqamətgahı Ankarada olmaqla, ölkəsinin Azərbaycan üzrə də səfiridir.

Tədbirdə Türkiyənin rəsmiləri, xarici diplomatik korpusun nümayəndələri, digər qonaqlar iştirak edirdi.

Səfir Allama Siddiki mərasimdə çıxış edərək bildirdi ki, Türkiyə Banqladeş üçün qardaş ölkədir və iki ölkə arasında çox dərin, köklü münasibətlər var. O, iki ölkə arasında təhsil, müdafiə, ticarət və iqtisadiyyat sahələrində də əlaqələrin getdikcə güclənəcəyinə əminliyini vurğuladı.

Türkiyənin təhsil naziri Ziya Səlcuq da çıxışında iki ölkə arasında münasibətlərə toxundu, bu əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırdı.

Səfir Allama Siddiki bizimlə söhbətində Azərbaycan-Banqladeş əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Banqladeş Azərbaycanı da özünə dost, qardaş hesab edir: “Hər zaman münasibətlərin yüksək səviyyədə olmasının tərəfdarıyıq. Banqladeş Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”.

Tədbirdə Banqladeş milli musiqiləri, rəqsləri və mahnıları ifa edildi, qonaqlara milli mətbəxdən nümunələr təqdim olundu.

Mehparə SULTANOVA
Ankara