Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində inşa ediləcək. Yeddi min əhalisi olan Brande şəhərində binanın tikilməsi planı çoxdan olsa da, şəhərin bələdiyyə şurası tərəfindən martın ortalarında təsdiqlənib.
Hündürlüyü 320 metr olacaq yeni göydələn Londonun “Shard” qülləsindən hündür və təxminən Parisin Eyfel qülləsi ilə eyni ucalıqda olacaq.
İkast-Brande kommunasının meri İb Lauritsen deyib: “Bu, Brande şəhəri üçün böyük əhəmiyyət kəsb edəcək. Lakin mən bu məsələnin bütün Mərkəzi Yutlandiya üçün əlamətdar olacağına şübhə etmirəm”.
Danimarka landşaftının hamar olması sayəsində qülləni təxminən 65 kilometr məsafədən görmək mümkün olacaq. Göydələnin tikintisinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.