İgid şahinlərimiz haqqında film gənclərə təqdim olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Avqustun 2-də birliyin ofisində şəhidlərimizin ruhuna ehtiram olaraq keçirilən toplantıda vətənpərvərlik ruhunda çəkilən “Mən evə qayıdıram” bədii filminin təqdimatı olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan film Qarabağ müharibəsində şəhid olmuş igid şahinlərimizin xatirəsinə həsr olunub.
Filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur. Ekran əsəri hərbi təyyarəçi Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Filmdə baş rolun ifaçısı Emin Bədəlov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.