Azərbaycan Kinosu Günü qeyd edildi
2 Avqust - Azərbaycan Kinosu Günü ənənəvi olaraq təntənəli mərasim, təbrik nitqləri, təltif, sərgi və premyera ilə qeyd olundu. Xatırladaq ki, bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub. Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.
Nizami Kino Mərkəzində təntənəli mərasim
Avqustun 1-də Nizami Kino Mərkəzində Azərbaycan kino işçilərinin peşə bayramı münasibətilə təşkil olunan tədbir rəngli görüntülərlə yadda qaldı. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyəti, kinosevərlər iştirak edirdi. İştirakçılar öncə mərkəzin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi ilə tanış oldular. Sərgidə müxtəlif illərdə lentə alınmış filmlərimizin dekorasiyaları və geyimlərin eskizləri nümayiş olunurdu.
Tədbir son dövrdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsərlərindən və Azərbaycan kinosunun dünyada qazandığı nailiyyətlərdən bəhs edən film-xülasənin nümayişi ilə başladı.
Kino günü həm də peşə hesabatıdır
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar günün tarixindən, Azərbaycan kinosunun uğurlarından söz açdı. Bildirdi ki, 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis edilən bu gün ömrünü bu sahəyə həsr edən kino vurğunları, kinosevərlər və kino işçiləri üçün əsl bayrama çevrilib: “Bayramlar müxtəlif olur. Peşəkarların bayramları onların keçdikləri yola nəzər salmağa imkan yaradır və gələcək üfüqlərə, gələcək arzulara yeni yolların axtarışına, istiqamətlərinin aşkarlanmasına imkan yaradır. Kino günü də bu baxımdan müstəsnalıq təşkil edir. Azərbaycan kinosunun keçdiyi yol bu gün fəxr etməyə dəyən nəticələrlə dolu bir tarixdir. Bu peşə bayramı hər il həm də kino işçilərinin bir hesabatı kimi qeyd edilir. İl ərzində görülən uğurlu işlər kinosevərlərə təqdim edilir. Bu gün ekranda nümayiş olunan qısa xülasə onu göstərdi ki, ötən müddətdə Azərbaycan kinosu çox dəyərli, şərəfli bir yol keçmişdir”.
Nazir qeyd etdi ki, 116 yaşını qeyd edən Azərbaycan kinosu yeni inkişaf yolundadır. Gənclərimizin bu sənətə maraq göstərməsi onların istedadlarının aşkar olunması üçün bizə əlavə imkanlar verir. Hətta ölkəmizdən kənarda yaşayan gənc azərbaycanlı rejissorların layihələrinə də xüsusi diqqətlə yanaşılır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Proqram kino sənətimizin yeni mərhələyə çıxmasına şərait yaradır.
“Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması layihəsinin mərhələləri barədə danışan Əbülfəs Qarayev gələcəkdə tam yeni simalı bir mərkəzin kino işçilərinə xidmət göstərəcəyinə ümidvar olduğunu vurğuladı. Qeyd edildi ki, uzun illər kinomuza, mədəniyyətimizə layiqincə xidmət etmiş “Azərbaycanfilm” kinostudiyasının dövrün tələblərinə uyğun müasir imkanlarla, yeni texniki avadanlıqlarla təmin edilməsi vacibdir.
Tarix və vətənpərvərlik ekran əsərlərində hər zaman aparıcı mövzu olmalıdır
Azərbaycan kinosunun müxtəlif mövzuları əhatə etdiyini deyən Əbülfəs Qarayev diqqətə çatdırdı ki, bu gün əsas prioritetlərdən biri vətənpərvərlik ruhunda, Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyi haqqında filmlərin istehsalıdır: “Qarabağ mövzusu bizim üçün hər zaman aktualdır. Tarix və vətənpərvərlik ekran əsərlərində aparıcı mövzu olmalıdır. Ölkəmizin, cəmiyyətimizin yüksək inkişafına nail olsaq da, bu problem ən ağrılı məsələ olaraq hər birimizi narahat edir. Son günlər cəbhə xəttindən gələn acı xəbərlər, Ermənistanın davam edən hərbi təcavüzü, atəşkəsin pozulması nəticəsində igid oğullarımızın həlak olması hamımızı sarsıtdı”.
Nazir vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədi, ailələrinə dərin hüznlə başsağlığı verdi. Qeyd olundu ki, kino işçilərinin peşə günündə ilk təqdimatı keçirilən “Nabat” bədii filminin mövzusu da Qarabağ münaqişəsinə həsr olunub. Ekran əsərinin bu günlərdə keçiriləcək Venesiya beynəlxalq film festivalının proqramına daxil edilməsi bu mövzunun təkcə bizim üçün deyil, dünya kino ictimaiyyəti üçün maraq kəsb etdiyini göstərir. Son vaxtlar Azərbaycan kinosunun beynəlxalq festivallarda uğurlar qazandığını deyən nazir əlavə etdi ki, vətənpərvərlik mövzusunda, Azərbaycanın tarixinə həsr olunmuş filmlərin festivallara çıxarılması xüsusilə önəm kəsb edir. Kinematoqrafçılarımızın bu mövzuya diqqət ayırması təqdirəlayiqdir.
Sonda əlamətdar gün münasibətilə bir daha tədbir iştirakçılarını təbrik edən nazir bildirdi ki, bu gün 116 illiyini qeyd edən Azərbaycan kinosu həmişə cavan, istedadlı, öz yaradıcılıq axtarışlarına davam edəcək bir sənət aləmidir.
Veteranlar unudulmur
Peşə bayramı münasibətilə bir qrup kino veteranı mədəniyyət və turizm nazirinin əmri ilə mükafatlandırıldı. “Azərbaycanfilm” kinostudiyasının pirotexniki Vaqif Qurbanov, təqaüddə olan redaktor müavini Vaqif Məmmədov, xadimə Raziyə Məmmədova, təqaüdçü Kərim Məmmədov, “Salnamə” studiyasının əməkdaşları - arxiv işçisi Samirə Hacıyeva, kargüzar Rəna Müslümova, Dövlət Film Fondunun əməkdaşı, baş mütəxəssis Tamilla Muxtarova, aparıcı mütəxəssis Firəngiz Bünyadzadəyə mükafatlar təqdim edildi. Həmçinin “Azanfilm”in bir qrup əməkdaşı II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında fəal iştiraklarına görə nazirlik tərəfindən mükafatlandırıldı.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək peşə bayramı münasibətilə kino işçilərini təbrik etdi. İttifaqa göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. İttifaqın təsis etdiyi Milli Kino Mükafatının qalibinin hər il bu əlamətdar gündə elan edildiyini diqqətə çatdıran Şəfiqə Məmmədova “Azərbaycan kinosuna töhfələrə görə” devizi ilə təqdim edilən mükafatın kino işçilərinin həyatında mühüm hadisəyə çevrildiyini bildirdi. Bildirildi ki, ittifaqın katibliyinin qərarı ilə 2014-cü il üçün Milli Kino Mükafatına bu il həm də 75 illiyini qeyd edən Xalq rəssamı Rafiz İsmayılov layiq görülüb. Mükafat yubilyar sənətkara təqdim olundu.
Bundan əlavə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən bu il yubiley və ad günlərini qeyd edən kino veteranları da təltif olundu. Azərbaycan kinematoqrafiyasına uzun illər xidmət edən Nəriman Şıxəliyev, Zemfira Sadıqova, Elman Əliyev, Faiq Əliyev, Hafiz Fətullayev, Vaqif Bağırov, Şahin Qalabəyov, Natalya Şneyr, Rimma Abdullayeva, Pərviz Quliyev, Lidiya Şarkovkina, Kamal Seyidov, Ədalət Yunisov, Nuriyyə Əhmədova, Arif Qasımov pul mükafatına layiq görüldülər.
Gənclərə bayram payı
Mərasimdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov rəhbərlik etdiyi qurumun uğurlarından və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, bu gün kinostudiya öz işini iki əsas xətt üzrə qurmuşdur. Birincisi, dövrün tələbinə uyğun kino sənayesinin qurulması, ikincisi, yaradıcı potensialın gücləndirilməsi. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar nazirliklə birlikdə görülən işlərdən bəhs edən direktor son dövrdə qazanılan uğurlardan söz açdı, əldə edilən hər bir nailiyyətin Azərbaycan kinosu tarixində əhəmiyyət kəsb etdiyini vurğuladı.
Sonra direktor gənclər arasında keçilən “yenifilm.az” kino ssenarisi müsabiqəsinin qaliblərini elan etdi. Bildirildi ki, Amil Məmiyevin “Dulusçu” ssenarisi müsabiqədə birinci yerə, “Qarabağ” ssenarisi isə üçüncü yerə layiq görülüb. Müsabiqədə ikinci yeri “Tənəffüs” ssenarisinə görə Nərmin Murad qazanıb. Daha bir gənc ssenarist İslam Qasım “Kababçı” ssenarisinə görə “yenifilm.az” gənclər üçün kino müsabiqəsinin münsiflər heyətinin xüsusi mükafatı ilə təltif edildi.
“Nabat” - doğma yurdun yanan çırağı
Mərasimin rəsmi hissəsi yekunlaşdıqdan sonra tədbir iştirakçılarına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal olunmuş “Nabat” bədii filmi təqdim edildi. Nümayişdən əvvəl filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Quruluşçu rejissor Elçin Musaoğlu ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Filmin İsmayıllı rayonunun Həftəsiyab kəndində lentə alındığını bildirən rejissor çəkilişlərə kömək edən kənd sakinlərinin də tədbirə dəvət edildiyini bildirdi. Rejissor bir daha peşə günü ilə əlaqədar bütün kino işçilərini təbrik etdi. Sonra film nümayiş olundu.
“Nabat” filmi Qarabağ müharibəsinin fonunda cərəyan edən hadisələri əks etdirməklə yanaşı, müharibə dövründə Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını nümayiş etdirir.
Bir gün kənddən uzaqda yaşayan meşəbəyinin arvadı kəndə gəlir və görür ki, kənddə heç kim yoxdur, düşmənin hücum təhlükəsi ilə bağlı sakinlər kəndi tərk ediblər. Xəstə həyat yoldaşını ruhlandırmaq üçün hər gün yeni bir hekayə qurub danışan qadın, həm də hər axşam kənddəki evləri bir-bir gəzərək çıraqları yandırır. Düşmən də kənddə hər kəsin evində olduğu, həyatın davam etdiyini, kəndin qorunduğunu zənn edir. Beləcə, cəsur qadın kimsəsiz kəndi 40 gün müddətində düşməndən qoruya bilir.
Qeyd edək ki, “Nabat” bədii filmi avqustun 27-dən sentyabrın 6-dək keçiriləcək 71-ci Venesiya kinofestivalının “Horizontlar” müsabiqə proqramına daxil edilib. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində əsas rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.
Lalə Azəri