Rusiyanın Xalq artisti Vladimir Menşov Bakıdadır! Bu xəbər sovet kinosunun ən yaxşı nümunələrinin təsiri altında böyümüş, müasir Rusiya kinosunun da ən gözəl nümunələrini seyr etmiş hər kəsi sevindirməyə bilməzdi.

Bəs necə, “Oyun”, “Moskva göz yaşlarına inanmır”, “Məhəbbət və göyərçinlər”, “Tanrıların qibtəsi”, “Şirli-mırli” kimi baxdıqca baxılan filmlərin quruluşçu rejissoru, kinoaktyor kimi debütü olan “Bəxtəvər Kukuşkin”dən “Gündüz gözətçisi” serialınadək ən müxtəlif səpkili ekran əsərlərində irili-xırdalı rollar oynamış görkəmli sənətkar Vladimir Valentinoviç Menşov həmyerlimiz sayılır. O, 1939-cu il sentyabrın 19-da Bakıda dünyaya gəlib. Müharibəyə təsadüf edən ilk uşaqlıq xatirələri elə arxa cəbhə şəhərində, heç kimin bir-birinə qarşı ayrı-seçkilik qoymadığı məhəllələrdə yaranıb. Sonra tale onu ailəsi ilə birlikdə Arxangelskə, oradan ata-babalarının vətəni Həştərxana aparıb, daha sonra kinoya olan maraq gənc Vladimiri Moskvaya gətirib.

O, bir müsahibəsində çəkdiyi filmlərin niyə bu qədər sevildiyi barədə suala belə cavab verib: “Mən baxmaq istədiyim filmləri çəkmişəm”.

Aprelin 9-da Nizami Kino Mərkəzində Rusiyanın Xalq artisti Vladimir Menşov ilə görüşdə təkcə ötən illərin nostalji atmosferi hakim deyildi. Çünki görüşün qəhrəmanı yaşının 80-ni haqlasa da, yaradıcı iş başındadır. 

Gecəni Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) məzunu, Əməkdar incəsənət xadimi Ayaz Salayev açaraq qonağı belə təqdim etdi: “Əgər o, heç bir film çəkməsəydi, görkəmli aktyor kimi tarixdə qalacaqdı, əgər heç bir rol oynamasaydı, rejissor olaraq tarixdə qalacaqdı”.

Vladimir Menşov alqışlar altında qalxdığı səhnədə ilk növbədə uşaqlıq xatirələrini danışdı. Bu xatirələrdə İçərişəhərdə Qız qalasının yaxınlığındakı evdə doğulmuş, sonra Neftçilər prospektindəki təzə binaya köçən, Hökumət evinin tikintisini xatırlayan balaca Volodya var idi.

Qonaq Nizami Kino Mərkəzinin ona əziz olduğunu da qeyd etdi: “Bura mənim üçün müqəddəs yerdir. Bu binada xeyli filmin ilk nümayişinin şahidi olmuşam”. İndi də burada qonaq kimi iştirak edirəm.

Görüş iştirakçılarının suallarını gözlədiyini bildirən qonaq “siz fikirləşincə, sizə kiçik bir poema söyləmək istəyirəm” dedi və Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə David Samoylovun “Qar yağır”  poemasını əzbər söylədi.

Sonra V.Menşov toplaşanların suallarına cavab verdi. Sual-cavabların arasında V.Menşovun çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.

Görüşdə Azərbaycanın görkəmli kino xadimləri də tamaşaçı olaraq iştirak edirdilər...

GÜLCAHAN