Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilərək baxılan bu ekran əsərlərinin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür. Uzun illərdir ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında uşaq filmləri çəkilmirdi. Nəhayət, bu fasiləyə son verilib. Bu günlər kinostudiyanın çəkiliş meydançası yenə uşaqlarla dolub-daşır....
Kinostudiyada “Dəyərli adlar” tammetrajlı bədii filmin çəkilişlərinə start verilib. Çəkilişlər iyunun 25-də başlanıb. Kütləvi səhnələr kinostudiyanın həyətində lentə alınır.
Uşaqlarla işləməyin nə qədər çətin olduğunun bu çəkilişlər zamanı bir daha şahidi olduq. Filmin rejissorları - Xalq artisti Rafiq Əliyev və Cavid Təvəkkül aktyorlarla söhbət edir, kimin hansı tərəfdən kadra daxil olacağını, “kamera” işarəsi verilən zaman heç bir əskikliyin olmaması üçün bütün xırdalıqlara nəzarət edirdilər. Filmin ikinci rejissoru Çingiz Həsənov geyim üzrə rəssamı, qrim ustalarını və əlbəsəçiləri səsləyir, aktyorların geyimlərini, qrimlərini bir daha nəzərdən keçirməyə çağırır. Operator Rauf Qurbanəliyevin səsi 20-30 metr hündürlükdən gəlir: “Tez olun uşaqlar, kameraya baxmayın. Rafiq müəllim, gün gedir, çəkmək olar”.
Səsli-küylü çəkiliş meydançasından kənara çəkilib filmin rejissoru Rafiq Əliyevlə söhbət edirik. O bildirir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir. Filmdə indiki uşaqların keçmişdə yaşıdlarının yaşadıqları həyat tərzi, onların münasibətləri göstərilir. Çəkilişlərə 300-400 məktəbli cəlb edilib. Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir. Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 saylı orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır. 23 və 189 saylı orta məktəblərin şagirdləri Ayna Zərbəliyeva, Rəşid Əliyev və Avropa liseyinin şagirdi Aliyə Əliyeva digər üç obrazı canlandırırlar. Filmdə konfliktlər bu qəhrəmanların ətrafında baş verir. Babası ilə keçmişə - sovetlərin Lenin və Stalin dövrünə - ekskurs edən Xalid tariximizlə, həmin dövrdə baş verən hadisələrlə tanış olur. Baba obrazını Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov canlandırır.
Rejissor deyir ki, filmin 80 faizi çəkilib. Avqust ayının sonunadək çəkilişlər başa çatacaq: “30 illik fasilədən sonra, nəhayət ki, biz uşaq filminin çəkilişinə nail olduq. Cavid Təvəkkülə və mənə belə bir film etibar edildiyi üçün çox şadıq. Çalışırıq ki, bizə həvalə edilən məsuliyyətli işi layiqincə yerinə yetirə bilək, film maraqlı alınsın. Azərbaycanda uşaq filmlərini çox sevirlər. Arzumuz odur ki, bizim film də illər öncə çəkilən uşaq filmləri qədər sevgi qazana bilsin. Yaradıcı heyət, çəkiliş qrupu böyük həvəslə işləyir. Əksəriyyətini gənclər təşkil edən kollektivimiz mehriban, səmimi şəkildə filmin uğurlu alınması üçün çalışır”.
Qeyd edək ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkovadır. “Dəyərli adlar”ın ilin sonunda kinosevərlərin ixtiyarına veriləcəyi gözlənilir.

Lalə Azəri








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar