Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı – “Creative Business Cup (CBC)”un Azərbaycan üzrə 2019-cu il üçün milli mərhələsinə layihə qəbulu başa çatıb.
Müsabiqəyə 168 onlayn qeydiyyat içərisindən 49 tam müraciətlə startap layihələri təqdim edilib. Layihələrin dəyərləndirilməsi aparılıb və 19 layihə proqrama qəbul olunub.
Seçilmiş komandaların iştirakı ilə təlim təşkil edilib. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrəniblər. Martın 24-dən başlanan intensiv pre-akselerasiya proqramı üzrə təlimlər isə aprelin 10-da başa çatacaq.
Aprelin 17-də “Creative Business Cup” beynəlxalq müsabiqəsinin milli mərhələsi üzrə seçilmiş startapların milli finalının keçirilməsi nəzərdə tutulur. İştirakçılar xarici ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər.
29-30 iyunda Kopenhagendə dünya finalçıları üçün kamp, iyulun 1-2-də dünya finalı keçiriləcək. Tədbirə 70-ə yaxın ölkənin hər birinin ölkə finalının qalibi olan startap komandası qatılacaq.