Məşhur kinorejissor, ssenarist, publisist, SSRİ və Rusiya Dövlət mükafatları laureatı, SSRİ Xalq artisti Georgi Daneliya aprelin 4-də vəfat edib.
“Mən Moskvada addımlayıram”, “Afonya”, “Payız marafonu”, “Mimino” və s. filmlərin rejissoru kimi şöhrət qazanan Georgi Daneliya 25 avqust 1930-cu ildə Tbilisi şəhərində anadan olub. O, uşaq ikən ailələri Moskvaya köçüb.
Atası Nikolay Daneliya dəmiryol mühəndisi olub, anası Meri Ancaparidze isə Tbilisi kinostudiyasında, sonra isə “Mosfilm”də rejissor köməkçisi işləyib. Onun gələcəkdə peşə seçimində anası ilə yanaşı, məşhur kino xadimləri – dayısı Mixail Çiaureli və xalası Veriko Andcaparidzenin rolu böyük olub.
Georgi Daneliyanın incəsənətə meyli olsa da, orta məktəbi bitirib Moskva Memarlıq İnstitutuna daxil olur. 1955-ci ildə təhsili başa vurur və peşəsi üzrə işləməyə başlayır. Lakin getdikcə kino onu daha çox özünə cəlb edir. O, yanlış addım atdığını hiss edir və 1956-cı ildə yenicə açılmış Ali Rejissorluq Kursuna daxil olur. Diplom işi “Onlar da insandır” kinolenti olur. Artıq diplom işindən Georgi Daneliyanın gələcəkdə məşhur rejissor olacağı aydın görünürdü.
1959-cu ildə kursu bitirir və “Mosfilm”də işə başlayır. 1960-cı ildə kurs yoldaşı İqor Talankinlə birgə çəkdiyi “Seryoja” filmindən tənqidçilərin və tamaşaçıların diqqətini özünə çəkməyi bacarır, üstəlik Karlovı Varı kinofestivalında “Büllur qlobus” mükafatına layiq görülür. Sonra 1963-cü ildə “Mən Moskvada addımlayıram” lirik komediyasını çəkir. 1964-cü ildə film 17-ci Kann film festivalına təqdim edilir və Georgi Daneliya gənc rejissorlar arasında münsiflər heyətinin xüsusi fəxri mükafatına layiq görülür. Onun ardınca rejissor 1965-ci ildə “Otuz üç” filmini çəkir. Həmçinin 1967-1970-ci illərdə “Fitil” satirik kinojurnalı üçün qısa filmlər çəkir.
1971-ci ildə G.Daneliyanın ssenarisi üzrə çəkilən “Uğur centlmenləri” filmi ona geniş tamaşaçı rəğbəti qazandırır. 1977-ci ildə çəkdiyi “Mimino” filmi isə rejissora ümumittifaq şöhrəti gətirir. Ekran əsəri 10-cu Moskva Beynəlxalq Film Festivalının baş mükafatına, SSRİ Dövlət mükafatına layiq görülür. 1981-ci ildə isə rejissorun “Payız marafonu” filmi “Vasilyev qardaşları adına” Rusiya Dövlət mükafatını qazanır.
Yaradıcılığında uğurları bol olan rejissorun şəxsi həyatı isə heç də uğurlu olmur. Georgi Daneliya üç dəfə ailə həyatı qurub. İlk dəfə 1951-ci ildə SSRİ neft sənayesi nazirinin birinci müavininin qızı İrina Qinzburqla evlənir, amma nikahları cəmi bir il sürür. Bu nikahdan onların Svetlana adında qızları olur. 1957-ci ildə o, məşhur aktrisa, SSRİ Xalq artisti Lyubov Sokolova ilə ailə həyatı qurur. 1959-cu ildə onların Nikolay adında oğulları olur. O da atası kimi rejissor olur. Lakin 1984-cü ildə cütlük ayrılır. 1985-ci ildə isə Nikolay vəfat edir. Georgi Daneliya üçüncü dəfə aktrisa, rejissor Qalina Yurkova ilə nikah bağlayır.
Milyonların sevimli rejissoru fevral ayında Moskva xəstəxanalarından birinə yerləşdirilmişdi, iki ay sonra 89 yaşında dünyasını dəyişdi. G.Daneliya aprelin 9-da Moskvadakı Novodeviçye məzarlığında dəfn olunub.
Səbinə ƏLİBALAQIZI