Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsinin aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirinin qonağı ABŞ-ın Delaver Universitetinin professoru, şair Aleksandr Səlimov olub. Qonaq öz şeirlərini oxuyub, tamaşaçıların suallarına cavab verib.
Məlumat üçün bildirək ki, Aleksandr Səlimov 1963-cü ildə Mahaçqalada anadan olub. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A.Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-ın Delaver Universitetinin magistraturasına, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspiranturasına daxil olub. 1996-cı ildə “İspan dili və ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvüdür. Kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreya və Azərbaycanda nəşr edilib.
A.Səlimovun kitabları arasında “Çağırış və digər poemalar” adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb.
“Çağırış və digər poemalar” kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.