Şəhər və rayonlarımızda xoş duyğuları, milli birliyi ifadə edən tədbirlər keçirilib
2019-cu il aprelin 6-da Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlib. Keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində doğulan qız uşağı təkcə bu ailəyə, onların yaxınlarına deyil, bütün Azərbaycana sevinc bəxş edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.
Dövlətimizin başçısı və xanımı ilk övlad sevincini yaşayan gənc ata-anaya xoş diləklərini çatdırıb, övladlarının sağlam böyüməsini arzulayıblar.
“Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Bu, tarixi hadisədir. Bu hadisəni bütün xalqımız bayram edir. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”, - deyə Prezident vurğulayıb.
Valideynlər ilk övladlarına Mehriban adını verdiklərini bildiriblər. Birinci xanım Mehriban Əliyeva uşağa xeyir-dua verib: “Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!”
Ailəyə övladlarının Azərbaycanın 10 milyonuncu sakini olmasını təsdiqləyən sertifikat təqdim edilib. Həmçinin dövlət tərəfindən ailəyə mənzil hədiyyə olunub. Prezident mənzilin çıxarış sənədini ailəyə təqdim edib.
* * *
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ölkəmizin hər yerində, eləcə də Azərbaycandan kənarda yaşayan soydaşlarımız tərəfindən sevinclə qarşılanıb. Bu münasibətlə şəhər və rayonlarımızda çoxsaylı tədbirlər, xoş duyğuları, milli birliyi ifadə edən müxtəlif aksiyalar keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzləri, kitabxanalar, musiqi və incəsənət məktəbləri, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəz, Bakı Uşaq Teatrı paytaxtın mərkəzi yerlərində müxtəlif əyləncəli proqramlarla çıxış ediblər. Şəhər sakinlərinə rəqslər, musiqilər, rəsm sərgiləri təqdim olunub. Kukla teatrı balaca tamaşaçıları interaktiv oyunlara cəlb edib.
Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub. Pirallahı rayonunda aqif Mustafazadə adına Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biz 10 milyonuq” adlı konsertdə müğənnilərin ifalarında rəngarəng mahnılar səsləndirilib, “Lalələr” rəqs ansamblı milli rəqsləri ifa ediblər.
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib. Bakı sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, sonda atəşfəşanlığa tamaşa ediblər.
Ölkəmizin 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə aprelin 8-də Şəki rayonunun Daşbulaq yaylağında at yürüşü təşkil edilib. Respublika Milli Atüstü Oyunları Mərkəzinin Şəki filialının təşkilatçılığı ilə keçirilən yarış Şəki Regional Mədəniyyət İdarəsİnin kollektivi tərəfindən izlənilib. Mərkəzin Şəki filialının direktoru Elman Qədirov KİV nümayəndələrinə yarış barədə məlumat verib.
12 iştirakçının qatıldığı yürüşdə Şəkidən çapar Elvin Babayev I yerə layiq görülüb, Ağcabədi rayonundan Elbrus Əliyev və Oğuz rayonundan yarışa qoşulmuş çapar Yavər Namazov II və III yerləri bölüşüblər.
Masallıda rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “10 milyonluq ölkəmizlə irəli!” adlı konsert proqramı keçirilib.
Bayraq meydanı və ASAN Həyat kompleksində başlayan konsert axşam saatlarında şəhərin mərkəzində yerləşən Heydər Əliyev parkında davam etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, idarə və təşkilatların rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri, “Halay” folklor rəqs ansanblı və “Masallı” rəqs qrupunun rəngarəng ifaları tədbir iştirakçılarına xoş anlar bəxş edib.
Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən Ağstafa, Qazax və Tovuz rayonlarında da Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə tədbirlər keçirilib.
Ağstafadakı Heydər Əliyev adına parkda gənclərin iştirakı ilə flaşmob göstərilib. Regional idarənin rəisi Vüqar Qədirov çıxış edərək bu əlamətdar hadisə münasibətilə ürək sözlərini bölüşüb. Sonra mədəniyyət müəssisələri əməkdaşlarının hazırladığı konsert proqramı təqdim edilib.
Qazax rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan tədbir də konsert proqramı ilə davam etdirilib.
Tovuzdakı Heydər Əliyev meydanında da mədəniyyət müəssisələrinin iştirakı ilə tədbir keçirilib, bədii özfəaliyyət kollektivləri çıxış ediblər.
Sabirabadda da rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı Mədəniyyət mərkəzinin qarşısında konsert keçirilib. A.İsgəndərov adına Xalq teatrının rejissoru Seyidməmməd Əliyev Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətlə Azərbaycan xalqını təbrik edərək xoş arzularını bildirib. Ü.Hacıbəyov adına Uşaq musiqi məktəbi və Saatlı rayon Bülbül adına Uşaq musiqi məktəbinin xanəndələrinin ifasında rəngarəng musiqilər və Mədəniyyət mərkəzinin rəqs dərnəyi üzvlərinin çıxışları alqışlarla qarşılanıb.
Ağdaş Regional Mədəniyyət İdarəsini əhatə edən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında da konsert proqramları təşkil olunub.
Ağdaş şəhərinin mərkəzində yerləşən Heydər parkında “Biz artıq on milyonluq ölkəyik” devizi ilə tədbir keçirilib. Göyçay rayon Rəsul Rza adına Mədəniyyət Mərkəzi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin mərkəzi parkında geniş konsert proqramı təşkil edilib.
Ucarda Heydər Əliyev Mərkəzi, rayon Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə konsert və ağacəkmə aksiyası keçirilib.
Balakən rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında əlamətdar hadisə münasibətilə proqram təqdim olunub.
Daha bir konsert proqramı Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların mədəniyyət müəssisələrinin iştirakı ilə Neftçala şəhərində keçirilib.