Sankt-Peterburq şəhərindəki Rusiya Dövlət Tarix Arxivində XIX əsrdə türk fotoqrafları tərəfindən çəkilmiş Rusiya şəhərlərinin arxiv fotolarının sərgisi açılıb.
Sərgi Rusiya ilə Türkiyədə qeyd olunan qarşılıqlı “mədəniyyət və turizm ili” çərçivəsində iki ölkənin xarici işlər nazirliklərinin iştirakı ilə hazırlanıb və “Sankt-Peterburq - Türkiyə” Beynəlxalq festivalının ilk tədbiri olub.
Festival proqramına mədəniyyət və turizm sahəsində Rusiya və Türkiyə əməkdaşlığının inkişafına yönələn tədbirlər daxildir.
“Rusiya İmperiyası Sultan II Əbdülhəmidin fotokolleksiyasında” fotosərgisində onlarla nadir foto nümayiş etdirilir. Türkiyəli fotoqrafların köhnə fotoları ayrıca albom kimi də çap edilib.
Sankt-Peterburq-Türkiyə Elmi və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Aleksandr Kolesnikov deyib: “XIX əsrin sonu XX əsrin əvvəlində 30 il ərzində Türkiyədə hakimiyyətdə olmuş Sultan II Əbdülhəmid böyük foto həvəskarı olub. O, dünyanın müxtəlif ölkələrinə, o cümlədən Rusiyaya fotoekspedisiyalar təşkil edib. İndi müxtəlif ölkələrdə onun kolleksiyaları fotoalbomlar şəklində nəşr olunur. Fransa, ABŞ, Almaniya və İngiltərədə belə albomlar artıq çap edilib. İndi isə növbə Rusiyaya çatıb. Bu fotolarda XIX əsrin sonunun Rusiyası, özü də təkcə Sankt-Peterburq və Moskva deyil, başqa şəhərlər də təsvir olunub”.
Sərgi üç həftə davam edəcək.