2019-cu ilin 14-15 noyabr tarixlərində Bakıda “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Prezident İlham Əliyev aprelin 11-də mötəbər tədbirin keçirilməsi əlaqədar Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı Prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar.
Sərəncama əsasən, “Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu ilin 14-15 noyabr tarixində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsinə aidiyyəti dövlət qurumlarının rəhbər və məsul şəxsləri, ölkəmizdəki dini icmaların başçıları daxildir. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev komitənin üzvüdür. Təşkilat Komitəsinə “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək tapşırılıb.