Bu günlərdə müasir Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Xalq rəssamı, professor Cəmil Müfidzadənin 85 yaşı tamam oldu. Bu yaş hər bir yaradıcıya geriyə dönməyə – keçdiyi sənət yoluna nəzər yetirməyə və dəyərləndirməyə imkan verir. Bu mənada həyatının müdriklik çağını yaşayan ağsaqqal sənətkarın milli təsviri sənət məkanında öz yaradıcı “mən”ini təsdiqləməsi arxada qalan illərin də səmərəsiz keçmədiyini təsdiqləyir, desək, yanılmarıq.
Onun öz yaradıcılığında lirik duyğuları romantika ilə qovuşdura bilməsi və milli ruhlu sənətkar kimi tanınması da çağdaş dəzgah qrafikasında fərqli estetik tutuma malik iz salmasının nəticəsidir. Rəssamın keçdiyi yaradıcılıq yoluna ötəri nəzər salmaqla belə həmin “iz”in bədii məziyyətlərinə aydınlıq gətirmək mümkündür...
Bakıda və Xarkovda xüsusi ixtisas təhsili alan Cəmil Müfidzadənin sənət yolunda “yaşıl işıq” yandıran, onu geniş tamaşaçı kütlələrinə tanıtdıran əsərləri həm doğma Azərbaycanla, həm də bir çox xarici ölkələrlə bağlı qrafik silsilələri olmuşdur. Onun “Bakı albomu”, “İçərişəhər”, “Abşeron nefti” və “Xınalıq”, eləcə də “Monqolustanda”, “Misir təəssüratları” və “Şimal” silsilələri belə əsərlərdəndir...
Bir həqiqətdir ki, həyatda kiməsə, nəyəsə ali məhəbbət hislərinin mövcudluğu hər şeyə başqa gözlə baxmağa məcbur edir. Cəmil Müfidzadənin doğma torpağa və onun ecazkar təbiətinə, yurdun əvəzsiz bəzəyi və qürur qaynağı olan tarixi abidələrə, yurda şöhrət bəxş edən sənaye obyektlərinə sevgisi də məhz belə ali, belə ülvi olmuşdur. Qeyd etmək lazımdır ki, rəssam onun üçün sevimli, qəlbinə hakim kəsilən bu mövzunu müşahidəsinə və təcrübəsinə əsaslanaraq həyata keçirmişdir. Odur ki, bədii həlli reallıqdan irreallığa kimi dəyişən bu əsərlər tamaşaçısını bütün mənalarda ovsunlamaq gücünə malikdirlər...
Yaxşı haldır ki, onun doğma yurda ötən əsrin altmışıncı illərindən başlanan və davamlı şəkil alan marağı həm də onun hamı tərəfindən tanınan və sevilən dəst-xəttinin yaranmasını şərtləndirmişdir. Əlavə edək ki, kifayət qədər rəqabətli şəraitdə inkişaf edən Azərbaycan təsviri sənətinin 60-cı illər mərhələsinin milli incəsənət tariximizin yaddaqalan səhifəsinə çevrilməsində Cəmil Müfidzadənin duyulası xidmətləri olmuşdur.
Onun dəfələrlə dünyanın yeni möcüzələrindən sayılan Neft Daşlarına səfərlər etməsini, Azərbaycanın qədim və zəngin, möhtəşəm və təkrarsız memarlıq abidələri ilə tanışlığı, əcdadlarımızın gözünün nurunu, ürəklərinin və əllərinin hərarətini özündə yaşadan xalçaları və tikmələri, eləcə də daşoyma və misgərlik nümunələri, özündə tariximizi yaşadan Qobustan qayaüstü rəsmləri, ecazkar miniatür əsərləri ilə tanışlığını da bura əlavə etsək, zamanında gənc rəssamın çox dəyərli mənəvi dəyər toplusu qarşısında durduğunu söyləmək olar. Əslində, bəlkə də başqalarının görə bilmədiyi bu qədər tutumlu mənəvi qaynağı lazımınca dəyərləndirmək, rəssamın özünün dediyi kimi, fərqli müasir və milli görkəmə gətirmək o qədər də asan deyildi. Başqa sözlə desək, o, sənətin əlçatmaz görünən zirvəsinə doğru uzanan çox təzadlı, ancaq eyni zamanda duyulası dərəcədə maraqlı yaradıcılıq axtarışlarından keçəcək uzun bir yola çıxmaqda idi. Belə bir vaxtda israrının davamlı olmasına yeganə dayaq verən axtarışlara köklənmiş müəllifin özünə sonsuz inamı idi...
O, yaradıcılığında milli bədii qaynaqlara tapınan rəssamlardandır. Onun əski nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı mahiyyət daşıyır. Elə bunun sayəsində də əsərlərində milliliklə yanaşı, müasirlik və zaman kateqoriyası da nəzərəçarpan və duyulandır. Belə ki, rəssamın özünəməxsus təfsirində həm müəyyən məkanın bakirə gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi daha ecazkar görünür. Bəzən adama elə gəlir ki, rəssamda haradasa tez-tez üz-üzə qaldığı naturaya qarşı inamsızlıq yaranıb və o, görünənlərin real-təbii rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim etdiyi duyğulandırıcı rəng həllinə, süjetin düşündürücü obrazlı təfsirinə etibar edib.
Cəmil Müfidzadənin xarici ölkələrə yaradıcılıq səfərləri nəticəsində ərsəyə gətirdiyi əsərlərdə – “Monqolustanda”, “Misir təəssüratları” və “Şimal” silsilələrində də yuxarıda vurğuladığımız bədii-estetik məziyyətləri izləmək mümkündür. Doğrudan da, onun Rusiya Federasiyasının Şimal bölgəsində yaşayan balıqçı və heyvandarlara, Monqolustanın tanınma nişanına çevrilən səhra və dəvələrə, dünyanın “yeddi möcüzəsi”ndən birinin yerləşdiyi Misirə – ehramlar ölkəsinə özünəməxsus bədii münasibətindən bir-birindən maraqlı qrafik silsilələr yaranmışdır...
Cəmil Müfidzadə bir qayda olaraq həyat hadisələrinin təsvirində bilərəkdən reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə saxlamağa çalışır. Onun özümlü bədii şərhi, ifadə tərzi də elə bu ilğım gücünə malik sirli “məsafə”nin mövcudluğunda aşkarlanır. Bunun nəticəsi olaraq çox vaxt rəssam təsvir obyektlərini əsərlərinə özünün qavradığı, görmək istədiyi biçimdə gətirir. Bu, təsvir motivlərini adilikdən çıxarmağa imkan verir. Rəssamın tətbiq etdiyi bədii ümumiləşdirmələrə, rəng-cizgi improvizələrinə baxmayaraq, onu da demək lazımdır ki, bizə təqdim olunan hər bir özündə tarixi keçmişi yaşadan memarlıq motivinin də, poetik-romantik sənaye mənzərəsinin də real prototipi vardır.
Onun əsərləri işləmə manerasına, kompozisiya biçiminə görə də orijinal olub, heç kimi xatırlatmır. Onları diqqətlə nəzərdən keçirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişdiyi, yeni bədii keyfiyyətlərlə zənginləşdiyi də açıq duyulur. Həmişə cəlbedici görünən və yeniləşən bu ifadə tərzini əvvəllər nə qədər lakonik forma-biçim, təzadlı işıq-kölgə həlli səciyyələndirirdisə, vaxt axarında onlar tədricən çox zərif, ovsunlayıcı naxışları andıran cizgilərlə əvəz olunub. Sonrakı illərdə bədii forma bütövlüyü, axıcı xətlərin dinamikliyi, fakturanı cəzbedici və duyulan edən qarışıq texnikanın tətbiqi nəticədə özünəməxsus bədii şərh məcmusu yaratmaqla rəssamın yaradıcılığını səciyyələndirən bədii-texniki ifadə vasitəsinə çevrilib.
O, az sayda sənətkarlarımızdandır ki, təhsil illərində qazandığı texniki-bədii vərdişləri bu gün də praktikada davam etdirməkdədir. Onun əsərlərini davamlı olaraq müxtəlif texnikalarda yaratması da bunu təsdiqləyir. Rəssam uzun illərdir ki, yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika kafedrasında çalışan Cəmil müəllim bu ali təhsil ocağının professorudur. Yaxşı haldır ki, görkəmli sənətkar əldə etdiyi zəngin texniki-bədii təcrübəni və dünya praktikasında ofort texnikasının yerini özündə cəmləşdirən “Ofort” adlı dərslik yazmış, bu texnikanın bundan sonra gənclər tərəfindən davam etdirilməsi üçün tutumlu mənbə yaratmışdır...
Rəssamın zəngin qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz sözünü demiş, sənətkar “mən”ini təsdiqləmiş yaradıcı simalardandır. Odur ki, bundan sonra artıq zamanın sınağından çıxdığını da sübut edən bu əvəzsiz əsərlərin Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi birmənalıdır. Bunu, heç şübhəsiz, onun yarıməsrlik yaradıcılığının həm keçmiş SSRİ məkanında, həm də ölkəmizin hüdudlarından çox-çox uzaqlarda Azərbaycan xalqına başucalığı bəxş etməsi şərtləndirir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi