Aprelin 10-da Niyazinin mənzil-muzeyinin 25 illiyi ilə əlaqədar “Dirijorlarla görüş” layihəsi çərçivəsində tədbir keçirildi.

Layihənin budəfəki qonağı beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Televiziyası və Radiosunun T.Əhmədov adına Estrada-simfonik orkestrinin baş dirijoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin rəhbəri Cavad Tağızadə idi.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, bir vaxtlar bizim bəstəkarları təbliğ edən, dünyaya tanıdan yeganə dirijor maestro Niyazi idi. Artıq illər keçib, Azərbaycan sənəti böyük nailiyyətlər əldə edib, yeni dirijorlar nəsli  yetişib. Onlar bizi nəinki MDB məkanında, dünyada təmsil edirlər. Onlardan da biri gənc dirijor Cavad Tağızadədir.

Muzeyin şöbə müdiri Xanım Abdinova dirijorun yaradıcılıq yolundan və uğurlarından danışdı. Qeyd etdi ki, Cavad Tağızadə Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. Sonra Bakı Musiqi Akademiyasında professor, Xalq artisti Zəhra Quliyevanın sinfində oxuyub. Beynəlxalq müsabiqələrdə, festivallarda  respublikamızı təmsil edib. 2014-cü ildən “Baku Simfonietta” orkestrinin baş dirijoru və bədii rəhbəridir. 2010-2011-ci illərdə Almaniyada təcrübə keçib. 2018-ci ildə Sankt-Peterburqun məşhur Mariinski teatrında Y.Haydnının “Kimsəsiz ada” operasına quruluş verib və dirijoru olub.

Sonra görüşün təşkilinə görə minnətdarlıq edən  Cavad Tağızadə öz yaradıcılıq planlarından danışdı, iştirakçıların suallarını cavablandırdı.

Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva, Azərbaycan Milli Konservatoriyasının professoru, bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov çıxışlarında Cavad Tağızadəyə yeni yaradıcılıq uğurları arzu etdilər.     

Tədbir Əməkdar artist Aleksey Miltıx (violonçel), beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (fortepiano) və Bakı Musiqi Akademiyası tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə başa çatdı.

Savalan FƏRƏCOV