Mədəniyyət Nazirliyində professor Azari Plisetski ilə görüş keçirilib
Rusiyalı məşhur xoreoqraf, Rusiyanın Əməkdar artisti, pedaqoq, professor Azari Mixayloviç Plisetski ölkəmizə səfərə gəlib. Azari Plisetskinin anası Raxil Messerer-Plisetskaya kinoaktrisa, dayısı Asaf Messerer məşhur sovet baletmeysteri, bacısı Maya Plisetskaya dünya şöhrətli balet ulduzu, qardaşı Aleksandr Plisetski tanınmış baletmeyster olub.
Hazırda İsveçrədə yaşayan A.Plisetski Rusiyada və digər ölkələrdə ustad dərsləri verir. Baletmeyster Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun dəvətinə əsasən ölkəmizdə səfərdədir.
Aprelin 10-da Mədəniyyət Nazirliyində professor Azari Plisetski ilə görüş keçirilib.
Qonağı səmimi salamlayan nazir Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində əldə olunan nailiyyətlər, mədəniyyətin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı və bununla bağlı görülə biləcək işlər haqqında danışıb.
Azərbaycan ilə Rusiya arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də mövcud əməkdaşlığın inkişaf etdirildiyini vurğulayan Əbülfəs Qarayev bu sahədə uzun illərdir çalışan görkəmli baletmeyster Azari Plisetskinin zəngin təcrübə və biliklərindən yararlanmağın tərəfdarı olduğunu bildirib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaq ölkəmizlə xoreoqrafiya sahəsində birgə çalışmaq istədiyini, təkmilləşmə və təcrübə kursları üçün lazımi dəstək göstərməyə hazır olduğunu deyib.
Qeyd edək ki, A.Plisetski aprelin 11-də Heydər Əliyev Sarayında Moskvanın “Kreml baleti” Teatrının təqdimatında Fikrət Əmirovun “Min bir gecə” baletinin (tamaşanın quruluşçu rəssamı Tahir Salahovdur) nümayişində fəxri qonaq qismində iştirak edib. Aprelin 12-də Nizami Kino Mərkəzində balet sənətinin dünyaca məşhur nəsilləri – Plisetskilər və Messererlər haqqında kitabın və sənədli filmin təqdimatı nəzərdə tutulub.