Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun, Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun birgə təşkilatçılığı ilə 10-11 aprel tarixində Lüksemburqda Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclası keçirilib.
İclasda Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov iştirak edib.
30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda fərqli nominasiyalar üzrə 8 yeni namizədin sertifikat almaq üçün təklifləri nəzərdən keçirilib. Eyni zamanda IX illik forumun Rumıniyada keçirilməsi üzrə hazırlıq məsələləri müzakirə olunub, Avropa Şurası tərəfindən təsdiq edilmiş 10 mədəni marşrutun qiymətləndirilməsi aparılıb.
Bundan başqa, iclasda 2018-2019–cu illər üçün görülmüş işlər barədə hesabat dinlənilib və növbəti müddətə İdarə heyətinə rəhbər, habelə onun müavini və digər vəzifələrə seçkilər keçirilib.
Səfər çərçivəsində Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüş keçirilib. Azərbaycanın üzv olmaq üçün danışıqlar apardığı “Zeytun ağacları mədəni marşrutu” üzrə birgə səylərin artırılacağı və müştərək layihələrin icra olunması üçün məqsədyönlü fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb.