Aprelin 19-da Nizami Kino Mərkəzində “Əlvida, Smidt” bədii filminin premyerası olacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində fəaliyyət göstərən “Mozalan” studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda doğulan Emil Smidtin başına gələn hadisələrdən bəhs olunur. Ekran əsərində hadisələr Göygöl (keçmiş Helenendorf) ərazisində cərəyan edir.
Filmin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rejissoru Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabskidir. Əsas obrazları Əməkdar artist Rasim Cəfər, aktyorlar Azər Aydəmir və A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya ifa edir. Filmdə həmçinin xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar artist Zemfira Sadıqova çəkilib.
LALƏ