Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
“Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzulu tədbiri BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev açaraq İsmayıl Şıxlının həyat yolu, fəaliyyəti və zəngin yaradıcılığından bəhs edib. Qeyd edib ki, şəxsiyyəti yetirən, formalaşdıran ilk növbədə onu əhatə edən mühitdir. Xalq yazıçısı da Azərbaycana böyük ziyalı maarifçilər və istedadlı sənətkarlar bəxş edən Qazax ədəbi-mədəni mühitindən çıxıb, yaradıcılığı üçün bu mühit ilk qaynaq olub.
Vurğulanıb ki, İsmayıl Şıxlının 100 illiyinin qeyd olunması dövlətimizin, Azərbaycan Respublikası Prezidentinin görkəmli ədiblərimizə verdiyi yüksək dəyərin nümunəsidir.
Tədbirdə BXA-nın İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova “İsmayıl Şıxlının həyat və yaradıcılığı”, Kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyeva “Dəli Kür” romanında azərbaycançılıq ideyası”, Magistratura və doktorantura şöbəsinin müdiri, dosent Fərhunə Atakişiyeva “İsmayıl Şıxlı yaradıcılığında milli xarakter konsepsiyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova “Dəli Kür” filmində maarifçilik ideyasının təcəssümü” adlı məruzələrlə çıxış ediblər.
Sonda yazıçının “Dəli Kür” romanı əsasında çəkilmiş filmdən fraqmentlər nümayiş olunub.