Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları üçün ERASMUS+ EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirilib.
ATMU-nun rektoru İlham Mədətovun da iştirak etdiyi tədbirin məqsədi universitetin əməkdaşlarını layihə və Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində İsveç, Vilnüs və London səfərlərində öyrənilən təcrübələri bölüşmək, Azərbaycan universitetlərinin Avropa Komissiyasının qrant proqramlarında iştiraklarının lazımi səviyyədə olmamasının səbəblərini müzakirə etmək idi.
Tədbirdə “Ömürboyu təhsil üzrə milli kvalifikasiyalar çərçivəsi haqqında” qanun barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, sənəd təhsilin 8 fərqli səviyyəsi, o cümlədən bakalavr, magistr və fəlsəfə (və elmlər) doktoru səviyyələri üçün deskriptorları müəyyən edir.
Tədrisdə keyfiyyətin ümumi prinsipləri, təlim nəticələrinin, tədrisin, mənimsəmənin və qiymətləndirmə metodlarının əlaqələndirilməsinə dair məqalələrin beynəlxalq jurnallarda çap olunması məsələləri müzakirə olunub.