Kino salnaməmizdə peşəkar aktrisa olmayıb, amma ifası ilə bu sənətdə iz qoyan bir insan haqqında söhbət açmaq istəyirik. Milli kinomuzda nənə obrazına onun kimi yaraşan ikinci ifaçıya rast gəlmək çətindir.

Törəxanım Zeynalova. İçərişəhərdə dünyaya gələn bu xanım uzun illər indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının geyim sexində çalışıb. Onun istedadı unudulmaz rejissor Arif Babayevin diqqətini cəlb edir. Törəxanım Zeynalovanın (1895-1974) kinoya gəlməsində onun böyük rolu olur. Məhz Arif Babayevin təkidi ilə özünü aktrisa kimi də sınayır, filmlərdə epizodik rollara çəkilir. Azərbaycan kinosunun ən gözəl, ən fenomenal nənə obrazını yaradaraq, əslində, filmlərdə özünü, öz hislərini oynayırdı. Ən yaddaqalan obrazı isə, təbii ki, “Uşaqlığın son gecəsi” (1968) filmindəki nənə obrazıdır. Onun ifasında nənə koloritlidir. Çox az sənətkarımız olub ki, onun kimi yaratdığı kiçik obrazlarla tamaşaçı qəlbində əbədi yaşamaq haqqı qazansın.

Törəxanım Zeynalovanın yaratdığı nənə obrazı həm də Azərbaycan ailəsində nənə fenomenini, nənə anlayışını bir daha geniş auditoriyaya nümayiş etdirmiş oldu. 50 ildən çoxdur ki, Azərbaycan kinosunda nənə obrazından söz açılanda onun həyat verdiyi surət təsəvvürə gəlir. Oynadığı rollarda aktrisanın hərəkətlərinin, davranışlarının özünəməxsusluğunun şahidi oluruq. “Uşaqlığın son gecəsi” filmindən bu sözləri xatırlayaq: “- Uşağım üçün alma saxlamışam aaa, görüm hara qoymuşam, ay Allah”. Bu deyimdə, frazanın özündə nənə sevgisini izhar edən elə bir nəvaziş var ki... Ya da nəvəsinə dediyi bu sözlərdə: “- Rüstəm, bundan sonra işə gedəcəksən?... Bilirəm necə gedəcəksən. Necə ki, inistruta gedirdin aaa, elə də işə gedəcəksən”. “Şərikli çörək” (1969) filmində aktrisanın balaca Vaqifi qarşılama səhnəsini də xatırlayaq. Bu filmdə də nənə obrazı nəvazişi, qayğıkeşliyi ilə diqqət çəkir.

Xalq artisti, rejissor Vasif Babayev (Arif Babayevin qardaşı) Törəxanım Zeynalova haqqında xatirələrini bizimlə bölüşdü: “İçərişəhərdə bir məhəllədə yaşayırdıq. Arif də onu həmişə filmə çəkmək arzusunda idi. Yaşı çox olsa da, aktrisalıq istedadı var idi. Çox mehriban və səmimi qadın idi. Əfsus ki, onlar İçərişəhərdən tez köçdülər və bizim sonrakı illərdə həmin ailə ilə heç bir əlaqəmiz olmadı. Aktrisa “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Şərikli çörək”, “Torpaq. Dəniz. Od. Səma” və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaratmaqla bu gün də sevilərək izlənilir”.

Xalq artisti, “Uşaqlığın son gecəsi” filminin baş qəhrəmanı Ənvər Həsənov aktrisanı belə xatırlayır: “Çəkiliş başlamazdan əvvəl rejissor namaz qılma səhnəsinin lentə alınacağını dedi. Muradın çılğınlığı mənim özümdə də var idi. Filmdə ən yaddaqalan səhnələrdən biri də məhz həmin epizoddur”. 

Uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışan rejissor Akif Rüstəmov isə aktrisa ilə bağlı daha çox xatirələrə malikdir. Ötən illərin acılı-şirinli xatirələrini vərəqləyən rejissor nələri yada salmadı ki:

- Biz ona “Törə xanım” deyə müraciət edərdik. Arif Babayev onu çoxdan tanıyırdı. Çünki eyni məhəllədə yaşayırdılar. İstedadı və obraza yaraşması onu yaman tutmuşdu. “Uşaqlığın son gecəsi” filmində ikinci rejissor rəhmətlik Fikrət Əliyev idi. Dedi ki, Fikrət, necə edirsən et, Törə xanımı filmə çəkilməyə razı salmalıyıq. Törə xanım o vaxtlar artıq çalışdığı teatrdan təqaüdə çıxmışdı. Çox vaxt İçərişəhərdə, evlərinin qarşısında oturar, təsbehini çevirərdi. Arif müəllim şirindil, mehriban insan idi. Törə xanımı elə dindirib-danışdırdı ki, qadın çəkilişdən sonra belə bizdən ayrılmaq istəmirdi. Çəkiliş zamanı bütün qrup Törə xanımın başına yığışırdı. Məzəli və mehriban xanım idi. Fasilə zamanı Arif müəllim ondan söhbət etməsini istəyirdi. Törə xanım da deyirdi: “Ay Arif, nə söhbət edim axı...” Və başlayardı yadında qalan maraqlı hadisələrdən danışmağa.

Akif müəllim deyir ki, hər kəs Törəxanım Zeynalovanın xətrini çox istəyirdi. Çəkiliş meydançasında çox xoş bir aura, bayram əhvalı yaradardı: “O da uşaqların xətrini çox istəyirdi. Onun çəkiləcəyi gün hamı sevinirdi. Mən gedib onu evlərindən gətirərdim. Yaşlı olsa da, bizi heç incitməzdi. Bir az zəif eşidirdi. Filmdə əksər hissələrdəki o zəif eşitmə anları da təbii kadrlardır. Məşq edə-edə həmin kadrları tuturduq. Filmdə ssenaridə olmayan kadrlar var ki, onlar tamamilə anidən yaranıb. Törə xanım Arifə rejissor kimi deyil, elə öz məhəlləsinin uşağı kimi yanaşırdı. Bir də görürdün çəkiliş zamanı dönüb deyir ki, “Arif, ay Arif, indi mən nə deməliyəm?” Yəni çox sərbəst idi. Sanki filmə çəkilmir, adi həyat söhbəti edirdi. Məsələn, radio səhnəsi çəkiləndə Arif dedi, Törə xanım, axtar görək radioda nə taparıq. Aktrisa radionun dalğalarında gəzişdi və daha sonra ssenariyə uyğun olaraq Ənvər Həsənovla çəkilən həmin səhnə böyük uğurla alındı”.

“Uşaqlığın son gecəsi” filmi uzun illərdir sevilir və baxılır. Törəxanım Zeynalovanın bu və digər filmlərdə yaratdığı nənə obrazları ekrandan hər zaman bizlərə öz sevgi və nəvazişini bəxş edəcək, xatirəsi isə əbədi yaşayacaq.

Lalə AZƏRİ