İsveçrənin Lozanna şəhərində Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) 75-ci konqresi keçirilib. 66 ölkədən 140 kino arxivi təşkilatının təmsil olunduğu konqres çərçivəsində Azərbaycan Dövlət Film Fondu (ADFF) üçün geniş təqdimat təşkil olunub.

İsveçrə Kino Arxivində gerçəkləşən təqdimatda ADFF-nin direktoru Rasim Salmanov, baş mütəxəssis Rəşad Qasımov və Azərbaycanın İsveçrədəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Fondun baş mütəxəssisi Rəşad Qasımov Dövlət Film Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə inşa edilmiş yeni binada filmlərin qorunub saxlanılması və bərpası üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Fondun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan kinosu və ADFF ilə bağlı verilən suallar cavablandırılıb.

Konqres çərçivəsində simpoziumlar, yeni kino arxiv texnologiyaları və onların tətbiqi qaydaları ilə bağlı dəyirmi masalar təşkil olunub.