Bakıdakı “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində aprelin 12-də “Kukla evi” adlı sərgi açıldı. Sərgi müasir sənətdə qadınların təmsilçilik məsələsinə həm tənqidi, həm də istehza ilə yanaşmanı nümayiş etdirir.

Sərgidə kuklalarla yanaşı müxtəlif variantda sənət nümunələri ilə də rastlaşmaq olar. Braziliyalı Andre Severonun qadın təsvirlərinin toplusu, Anastasiya Veprevanın (Rusiya) gənc xanımların evliliklə bağlı televiziya verilişində çıxışları, Səbinə Şıxlinskayanın qadın liderlik təlimində ölkəmizi təmsil edən xanımın maraqlı həyat hekayəsinin videosu və s. işlər də nümayiş olunur.

Dünyanın 3 qitəsindən 13 rəssamın bir araya gəldiyi sərgidə qadın mövzusunda müxtəlif janrlı, bir-birindən maraqlı düşüncələr əks olunub.

Burak Delierin (Türkiyə) “Böhran və nəzarət” videosunda diqqətə çatdırılır ki, iş stressini aradan qaldırmaq və arzu olunan uğur imicini yaratmaq üçün bu gün insanlar sosial medianın da qurbanına çevrilirlər. Alman Frenk Til isə incəsənətdə qadın təmsilçiliyi istiqamətində öz bacarıqlarını nümayiş etdirir. Leyli Ələkbərova, Lea Şrager (ABŞ), Şannon Bulun (Almaniya) və digər rəssamların işləri də diqqəti çəkir. Bu işlərdə kukla heykəlləri, fotoşəkilləri, müxtəlif qadın personajlarının təsvirləri təqdim edilir.

Diqqətçəkən məqamlardan biri də rəssam-heykəltəraş Abdulrazaq Avofesonun (Nigeriya) yaratdığı heykəllər və Vüsal Rəhimin (Azərbaycan) incə təsvirlərin dialoq şəklində təqdimatıdır. Burada məcburi davranış nümunələri arasında alleqorik qarşıdurma əksini tapıb.

Qeyd edək ki, “Kukla evi” sərgisinin adı 1879-cu ildə Henrik İbsenin pyesindən götürülüb. Dram əsəri həmin dövrdə Norveçdə öz bacarıqlarını göstərmək və reallaşdırmaq üçün çox az imkanları olan evli bir qadının taleyindən bəhs edir...

Kuratorları Alfons Huq və Əsli Səmədova olan sərgi mayın 18-dək davam edəcək.

Lalə AZƏRİ