ABŞ-ın Cənubi Kaliforniya Universitetində (USC) “Los Angeles Times” qəzeti tərəfindən keçirilən kitab festivalında ölkəmiz də təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, 150 mindən çox ziyarətçinin qatıldığı bu festival ABŞ-da kitabla bağlı ən böyük tədbirdir.

Baş konsulluq tərəfindən qurulmuş stenddə Azərbaycan Milli Kitabxanasından göndərilmiş nəşrlər, o cümlədən britaniyalı Qrem Uilsonun ümummilli lider Heydər Əliyev haqqında kitabı, İmadəddin Nəsimi, Mir Cəlal, Anar, Elçin, Kamal Abdulla və başqa Azərbaycan ədiblərinin əsərləri, Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə və digər bəstəkarlar haqqında nəşrlər nümayiş etdirilib. Qarabağın musiqi mədəniyyətini, Bakının qədim və müasir memarlıq incilərini, ölkəmizin tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrini, turizm imkanlarını, mədəniyyətini, musiqisini və mətbəxini əks etdirən kitab, jurnal və broşürlər də stenddə yer alıb.

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və Los-Ancelesdə yaşayan azərbaycanlı icmasının fəalları tərəfindən milli geyimlərimizin də təqdim edildiyi stend sərgiyə gələn ziyarətçilərin xüsusi marağına səbəb olub.