Qırğızıstanda keçirilən təntənəli tədbirlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib
Aprelin 20-də Qırğızıstanın Oş şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Qeyd edək ki, Türkdilli dövlət başçılarının 2010-cu ildə İstanbulda keçirilən zirvə toplantısında təsdiqlənən TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinə əsasən, 2012-ci ildən etibarən bu missiyanı hər il təşkilata üzv ölkələrdən birinin şəhəri qəbul edir.
İlk olaraq “Türk dünyasının mədəniyyət paytaxtı” adını Qazaxıstanın Astana (indi Nur-Sultan), ardınca 2013-cü ildə Əskişəhər (Türkiyə), 2014-cü ildə Kazan (Tatarıstan), 2015-ci ildə Mərv (Türkmənistan), 2016-cı ildə Şəki (Azərbaycan), 2017-ci ildə Türküstan (Qazaxıstan), 2018-ci ildə isə Kastamonu (Türkiyə) daşıyıb.
İlk dəfə bu layihəyə ev sahibliyi edən Qırğızıstanın 3 min illik tarixi olan Oş şəhəri də 2019-cu il ərzində “mədəniyyət paytaxtı” bayrağını dalğalandıraraq Türk dünyasının yeni görüş məkanına çevriləcək.
Qədim şəhər Türk dünyasına qucaq açır
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı – 2019” ilinin rəsmi açılışı ilə bağlı keçirilən tədbirlərdə Azərbaycanı mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Açılış mərasimindən əvvəl Oş şəhərinin meri Taalaybek Sarıbaşov Türk dünyasından gəlmiş qonaqlarla görüşüb. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb.
Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Eldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə təbriklərini çatdırıblar. Xatirə hədiyyələri təqdim olunub.
* * *
Təntənəli açılış mərasimi Oş şəhərinin stadionunda gerçəkləşib. Mərasimdə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, hökumətin və Joqorku Keneşin (parlament) üzvləri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, UNESCO və İSESCO-nun yüksək səviyyəli təmsilçiləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan nümayəndə heyətləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Prezident Sooronbay Jeenbekov mərasimdə çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirib. Prezident qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışıb. Deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya və digər ölkələrdən incəsənət ustaları qatılıblar.
Sonra çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Oş şəhərinin üç min ildən artıq yaşı var və Böyük İpək Yolu üzərində yerləşdiyindən onun zəngin mədəniyyəti və ənənələri formalaşıb.
Mərasimdə TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.
Tədbir çərçivəsində ənənəvi “TÜRKSOY media mükafatları” da türk dünyasından Oşa gələn mətbuat nümayəndələrinə təqdim olunub.
Etnofestival və fotosərgi
Oş şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində etnofestival keçirilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan heyətlər tədbirdə iştirak edib.
Etnofestivalda Oş vilayətinin rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini, musiqilərini təqdim ediblər. Qırğız eposu “Manas”dan parçalar səslənib. Həmçinin iştirakçı ölkələrin musiqiləri təqdim olunub.
Etnofestival çərçivəsində tədbirlər gün ərzində davam edib. Oş şəhərinin baş meydanında açılan fotosərgidə Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Türkmənistanın mədəniyyətlərini, adət-ənənələrini, milli geyimlərini, məişətini əks etdirən fotolar nümayiş olunur.
“Qorqud Ata” tamaşası
“Mədəniyyət paytaxtı” ilinin açılışı münasibətilə Oş Vilayət Dram Teatrında “Qorqud Ata” tamaşası nümayiş etdirilib.
Tamaşadan əvvəl çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını əhəmiyyətli hadisə adlandırıb.
D.Kaseinov bildirib ki, Dədə Qorqud, Qorqud Ata türkdilli xalqların əfsanələrində, nağıllarında və xalq hekayələrində adıçəkilən ozandır. Qeyd edib ki, bu tamaşa Türkiyədə və Qazaxıstanda teatr festivallarında nümayiş etdirilib və mükafatlar qazanıb.
Sonra tamaşanın nümayişi olub. Səhnə əsərinin ssenari müəllifi Kayrat İmanaliev, rejissoru Marat Kozukeevdir.
“Süleyman dağında türkdilli xalqların mədəniyyəti”
“Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Sulayman-Too (Süleyman dağı) ətrafındakı Alimbek Datka etnoqrafik kompleksində “Sulayman-Too-da türkdilli xalqların mədəniyyəti” adlı böyük mədəni tədbir keçirilib.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Makedoniya, Serbiya və digər dövlətlərin nümayəndə heyətləri və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə türkdilli dövlətlərin milli geyimlərinin nümayişi, fotosərgi, rəsm çəkmək üzrə ustad dərsləri, suvenirlərin satışı təşkil olunub.
Həmçinin teatrlaşdırılmış səhnələr, iştirakçı ölkələrin milli rəqsləri və musiqiləri ifa edilib.
Biznes-forum
Bundan əlavə, şəhərdə “Sulayman-Too sülh və sabitlik simvolu: Böyük İpək Yolunda Oş şəhəri və Oş vilayətinin turizm potensialı” mövzusunda biznes-forum keçirilib. TÜRKSOY-a üzv ölkələrin işgüzar dairələrinin nümayəndələri və turizm şirkətləri iştirak edib.
Tədbirdən əvvəl iştirakçılara regionun turizm potensialı mövzusunda fotosərgi, tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov və Oş şəhərinin meri Taalaybek Sarıbaşov regiona turistlərin cəlb olunması istiqamətində həyata keçiriləcək layihələrdən danışıblar.
Rəqs müsabiqəsində təmsilçilərimiz birinci yerə layiq görülüb
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində şəhərdəki Milli Dram Teatrında TÜRKSOY beynəlxalq rəqs yarışması və qala-konserti keçirilib.
Şəhərin meri T.Sarıbaşov tədbirlərə qatıldıqları üçün qonaqlara minnətdarlıq edib, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə proqram və layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıb.
Sonra “Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərinə dəvət olunan ölkələrin rəqs kollektivləri çıxış edib.
Müsabiqədə Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun bədii rəhbəri olduğu F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı uğurlu çıxışına görə birinci yerə layiq görülüb. Nazir Azamat Jamankulov rəqs ansamblını bu qalibiyyət münasibətilə təbrik edib.
Sonda Oş şəhərinin meri tədbirlərdə iştirak edən rəqs kollektivlərinə diplomlar təqdim edib.
Mehparə SULTANOVA