Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib. Görüşdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edib.
Görüşün Türk dünyası ölkələri arasında həmrəylik və əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran E.Sultanov ortaq mirasın dünyada, o cümlədən UNESCO-da təqdim və təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.
Baş katib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və bu proses çərçivəsində bu il mayın 2-3-də keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə danışıb. E.Sultanov ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında, mədəni irs nümunələrimizin dünyada təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini bildirən E.Sultanov məhv edilmiş mədəni irsimizin həm də Türk dünyasının ortaq mirası olduğunu diqqətə çatdırıb və bu məsələnin UNESCO-da gündəmə gətirilməsində TÜRKSOY-a üzv dövlətlərin dəstəyinin vacibliyini vurğulayıb.