Dünyadakı qədim qıpçaq, türk və hun tarixini araşdıran qazaxıstanlı alimlərdən ibarət ekspedisiyanın üzvləri Azərbaycana gəliblər.
Qazaxıstanın xalq qəhrəmanı, ordu generalı Sadaqat Nurmaqambetovun adını daşıyan ictimai-xeyriyyə fondunun təşkil etdiyi ekspedisiya 2 ildir ki, araşdırma ilə məşğuldur. Aparılan tədqiqat işinin sonunda Qazaxıstan televiziyası tərəfindən qıpçaq, türk və hun tarixindən bəhs edən sənədli film də hazırlanacaq.
Ekspedisiya ölkəmizə gəlməmişdən əvvəl Gürcüstanın azərbaycanlıların yaşadığı Borçalı mahalında olub. Alimlər Qazax rayonuna və Gəncəyə gəliblər.
Ekspedisiyanın rəhbəri Sapar İskakov Azərbaycana ikinci dəfə, Gürcüstanın azərbaycanlılar yaşadığı ərazilərinə isə artıq üçüncü dəfə səfər etdiklərini deyib. Onun sözlərinə görə, Azərbaycanda bu tarixlə bağlı mənbələr və izlər kifayət qədərdir.
Qonaqlar Qazax rayonunda Qıpçaqlar və Cəlillər qəsəbələrində olublar. Ekspedisiyanın rəhbəri indiyədək 40-dan çox ölkədə olduqlarını bildirib. Onun sözlərinə görə, elə ölkələr var ki, təkrar səyahət edərək yeni tarixi faktlar əldə ediblər.
Qazaxıstanlı alimlər Bakıdan Naxçıvana yola düşəcək, daha sonra ekspedisiyanı İranda davam etdirəcəklər.