Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində 20-21 aprel tarixində “Halikarnassos İki Yaka  Mədəniyyət Festivalı” keçirilib.

Türk-yunan dostluğunun inkişafına kömək etmək və yerli mədəniyyəti tanıtmaq məqsədilə Qumbağça (Kumbahçe) sahilində təşkil olunan festival rəngarəng görüntülərə səhnə olub.

Bodrumun antik dövrlərdəki adının – Halikarnassosun ön plana çıxarıldığı tədbirdə yerli qruplar və İstanköydən gələn “Horokos” rəqs qrupu çıxış edib.

Vaxtilə Kritdən köçən çox sayda vətəndaşın yaşadığı Qumbağça məhəlləsində türk və yunan mahnıları səsləndirilib.

Festivalda yerli yeməklərin və əl sənətlərinin nümayiş olunduğu stendlər qurulub, dəfilə keçirilib.

Qumbaxça məhəlləsinin muxtarı Nil Taşkıran çıxışında hər iki mədəniyyəti yaxınlaşdırmaq istədiklərini deyib.

İstanköy Müsəlmanları Mədəniyyət, Həmrəylik və Qardaşlıq Dərnəyinin sədri Kadri Memiş də festivala qatıldığına görə özünü çox xoşbəxt hiss etdiyini bildirib.

Mehparə SULTANOVA
Ankara