Ekran əsəri almanların ölkəmizdə məskunlaşmasının 200 illiyinə həsr olunub
Nizami Kino Mərkəzində yenə fərqli bir gün. İllərdir həyatını kino sənətinin inkişafına həsr edən rejissorlar, aktyorlar, operatorlar, texniklər, qrim ustaları yenidən kino tarixində hadisəyə çevriləcək daha bir günü qeyd etmək üçün toplaşıblar. “Əlvida, Şmidt” bədii filmi təqdim olunur. Filmdə zəhməti olanlar bir-birini təbrik edir...
Aprelin 19-da gerçəkləşən təqdimat mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, xarici işlər naziri Elmar Məmmədyarov və digər dövlət rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Bədii film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında lentə alınıb. Tragikomediya janrında çəkilən ekran əsəri almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Film tragikomik bir yol əhvalatıdır.
Qıraqdan müşahidə etdikdə insana elə gəlir ki, filmi ərsəyə gətirən 10-15 nəfərlik bir komanda deyil. Sanki bütün kinostudiya, Dövlət Film Fondunun əməkdaşları və ümumiyyətlə, premyeraya yığışan hər kəs “Əlvida, Şmidt” filminin yaranmasında yaxından iştirak edib. Bu əhvalı ifadə etmək üçün cəmi bir cümlə yetərlidir bəlkə də: “Sənətə sevgi və dost uğuruna sevinc”.
Budur, yaradıcı heyət səhnəyə dəvət olunur. Filmin ssenari müəllifi və rejissoru Əli-Səttar Quliyev çıxış edərək Mədəniyyət Nazirliyinə və filmin heyətinə öz minnətdarlığını bildirərək ekran əsəri haqqında qısa məlumat verdi. Dedi ki, film sevgidən, dostluqdan, multikultural dəyərlərdən bəhs edir.
Filmin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-ssenarist İlqar Fəhmi dedi ki, bu gün təqdimatına yığışdığımız “Əlvida, Şmidt” filmi, sözün həqiqi mənasında, gənc filmdir. Həm yanaşma, həm də hadisələrə münasibət baxımından bütünlüklə gənc fikirlərlə dolu bir ekran əsəridir: “Bu gün incəsənəti, ədəbiyyatı neqativ enerji bürüyüb, çox az əsərlər bu neqativdən kənarda qala bilir. Bəzən sənətin içində bədbin baxışlar çoxluq təşkil edir. Bu film isə pozitiv enerji üzərində qurulub. Film eyni zamanda bizim həqiqətlərimizi dünyaya çatdırmaq sarıdan da mühüm əhəmiyyətə malikdir. İkili standartların hökm sürdüyü müasir dünyada belə ekran əsərləri Azərbaycan həqiqətlərinin olduğu kimi insanlara çatdırılması baxımından maraqlı elementlərlə zəngindir. Yol əhvalatı olan film rəmzi mənada bütün azərbaycanlıların içindən keçən bir yolu nümayiş etdirir. Bu səbəbdən də filmi uğurlu hesab etmək olar. Çünki məhz incə tapıntılar, pozitiv enerji üzərində yüklənmiş detallar gənc olmağına baxmayaraq, rejissor tərəfindən çox müvəffəqiyyətlə işlənib”.
Daha sonra film nümayiş olundu. Baş qəhrəman Emilin (aktyor Azər Aydəmir) Almaniyaya köçmək arzusu və Almaniya səfirliyində olan görüş səhnəsi ilə başlanan kadrlar sonra maraqlı konflikt və hadisələr fonunda davam edir. Filmdə aktyor oyunu, operator işi çox uğurlu alınıb. Filmin musiqisini də diqqətdən kənarda qoymaq olmaz. Milli notlar müəyyən kadrlarda Qərb notları ilə əvəz olunub, eyni zamanda muğam elementlərindən də istifadə edilib.
Hər kəsin böyük maraqla izlədiyi filmin ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.
Filmdə rolları xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir, gürcü aktrisa Mariam Kitiya və başqaları canlandırıblar.
Lalə AZƏRİ