Qazaxıstanın paytaxtı Nur-Sultanda IV Avrasiya Beynəlxalq Kitab Sərgisi (Eurasian Book Fair-2019) keçirilir. Sərgidə Azərbaycan stendi də qurulub.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə qurulan stenddə müxtəlif mövzularda kitablar, bədii ədəbiyyat nümunələri, o cümlədən bu il 650 illiyi qeyd edilən İmadəddin Nəsiminin “Seçilmiş əsərləri” yer alıb.
Ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov sərginin açılışında iştirak edib.
Sərginin açılışına qatılan Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamedulı Azərbaycan stendi ilə də maraqla tanış olub.
Qazaxıstanlı alimlər stenddəki nəşrlərə xüsusi maraq göstərirlər. Azərbaycan guşəsində ziyarətçilərə ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanılıb.
IV Avrasiya Beynəlxalq Kitab Sərgisi üç gün davam edəcək.