XX əsrin birinci yarısında çar Rusiyasının ucqarlarında mədəni-maarif sahəsində canlanma yaranır. Milli ziyalılar yaranmış şəraitdən bəhrələnməyə səy göstərirlər. Noqay xalqının maariflənməsi üçün fəal mübarizəyə qoşulan ziyalılardan biri də Abdraxman Umarov olub.

Abdraxman İsmayıl oğlu Umarov 1866-cı ildə Həştərxan yaxınlığında Nayman tayfasına məxsus ailədə anadan olub. İlk təhsilini dini məktəbdə alır. Burada ərəb, fars dillərini öyrənir. Sonra Başqırdıstanın Ufa şəhərinə gedir. Qaliyə mədrəsəsinə daxil olur. Onu da deyək ki, XX əsrin türk-tatar ziyalılarının böyük bir qisminin adı bu təhsil ocağı ilə bağlıdır. Abdraxman burada təhsilini uğurla başa vurur və  1892-ci ildə Həştərxana döndükdən sonra “Nizamiyyə” mədrəsəsini açır.

Tədqiqatçı Əli Şamil yazır ki, əslən  Şirvandan olan və İstanbulda yaşayan Mustafa Lütfi həmin dövrdə Həştərxana gələrək 1905-ci ildə burada “Şurayi-İslam” adlı ictimai-siyasi cəmiyyətini qurur. Cəmiyyətin nəzdində 1906-cı ildə “Bürhani-tərəqqi” qəzeti nəşrə başlayır. Eyni zamanda 1906-1912-ci illərdə fəaliyyət göstərmiş oğlanlar üçün “Darül-ədəb”, qızlar üçün “Nümuneyi-tərəqqi” adlı məktəblər açılır. Bundan təsirlənən tatar və noqayların bir qrupu Abdraxman Umarovun ətrafında birləşərək “Cəmiyyəti-İslamiyyə” adlı təşkilat yaradırlar. Bu cəmiyyət “İdil” qəzetinin nəşrinə icazə alır. Naşiri A.Umarov, redaktoru isə “Bürhani-tərəqqi” qəzetinin müxbiri Zahidullah Şerifullin olur. Qəzetin ilk sayı 7 sentyabr 1907-ci ildə işıq üzü görür. “Cəmiyyəti-İslamiyyə” isə öz məktəblərini təşkil edir. Həm qəzetin işıq üzü görməsi, həm də milli məktəblərin açılması çar məmurlarını narahat edir...

Bir müddət sonra “Bürhani-tərəqqi” və “İdil” qəzetləri və ictimai hərəkatlar arasında qarşıdurma yaranır. Rusiya müsəlmanları arasında böyük nüfuzu olan, “İttifaqi-əl-Müslimin” təşkilatının sədri Əlimərdan bəy Topçubaşov Həştərxanda şəhərin müsəlman öndərlərinin toplantısında hər iki qrupun liderlərini barışdırır. Çox təəssüf ki, bu barışıq uzun sürmür. Vəziyyət o qədər gərginləşir ki, “Cəmiyyəti-İslamiyyə”nin üzvlərindən bir qrup Həştərxan qubernatoruna şikayət edir. Nəticədə 22 yanvar 1908-ci ildə Mustafa Lütfi həbs olunur. Çox keçmir A.Umarov də panislamizmdə suçlanır və 1914-cü ilin fevralında həbs edilərək Kazan şəhərinə sürgün olunur. 1917-ci ilədək orada yaşamağa məcbur olan A.Umarov istəyindən geri çəkilmir və Kazan şəhərində “İdil” qəzetinin nəşrinə icazə alır. Tanınmış tatar şairi Said Remiyev qəzetin redaktoru olur.

A.Umarov pedaqoji fəaliyyətlə də məşğul olur. Orta məktəblər üçün dərsliklər yazır. 1907-ci ildə evində mətbəə açır və bu mətbəə 1917-ci ilədək fəaliyyətini davam etdirir. Bu müddət ərzində burada 60-dan çox kitab çapdan çıxır. O bunlarla kifayətlənməyərək şəhərdə ilk kitab mağazası və oxu zalını da açır. Özü isə etnoqrafiya elmi ilə də məşğul olur. Volqaboyunu, Başqırdıstanı, Qazax çöllərini yorulmadan gəzir, noqay nəğmələrini toplayır. Həmin materialları ön sözlə 1912-ci ildə “Noqay jirları” adı ilə çap etdirir.

Bolşeviklərin hakimiyyətə gəlməsi A.Umarovun fəaliyyətinə mənfi təsir göstərir. Onlar maarif xadiminin milli, dini fəaliyyətini qəbul etmirlər. Buna görə də bütün malını, mülkünü, hətta əlyazmalarını və sənədləri müsadirə edirlər. Ruhdan düşməyən ziyalı “Həştərxan noqaylarının tarixi” əsərini yazmağa başlayır. 1926-cı ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən Dünya İslam Konfransında iştirak edir. Məkkədən qayıtdıqdan sonra təzyiqlərlə üzləşir. 1930-cu ildə evində yoxlama aparılır. Əsərləri müsadirə edilir və Arxangelsk vilayətinin Kiçik Karel kəndinə sürgün olunur. Müdrik və mübariz maarif xadimi 1933-cü ilin martında dünyasını dəyişir.

Savalan FƏRƏCOV