Şəhərimizin qədim küçələrinə kinolentlərin yaddaşı ilə budəfəki səyahətimiz də maraqlı olacaq. Azərbaycan kinosunun inciləri sayılan filmlərimizdən beynimizin hansısa küncündə ilişib qalan kadrlar, doğma küçələr, tanış mənzərələri xatırlayacağıq...

Sizə məktub var... İndi bu sözləri nadir hallarda eşitmək olar. Çünki bu gün qloballaşan dünyada zərflə göndərilən məktublar internet məkana və zamanın sürətinə yenilməli olublar. Məktub (xüsusilə xoş soraqlı) almaq isə ayrı bir təəssüratdır. Bu yazımızda Bakının məşhur Poçtovı (köhnə Poçt) küçəsində lentə alınan filmlərdən söz açmaq istəyirik. Bəlkə elə bu küçədən söz düşmüşkən məktublaşma səhnələrinin yer aldığı bir neçə filmimizi də xatırlayaq?

Rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun 1976-cı ildə lentə aldıqları “Dərviş Parisi partladır” filmindən:

“- Müsyö Jordan, sizə məktub var.

- Kimdəndir? - Təbrizdəki fransız konsulundan”.

Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmindən: “- Lala, Lala, sənə məktub var. Azərbaycandan”.

Yəqin ki, bu fraqmentləri çoxunuz xatırladınız...

Məktublaşma səhnəsinin yer aldığı unudulmaz ekran əsərlərindən biri isə T.Tağızadənin 1968-ci ildə çəkdiyi “Mən ki gözəl deyildim” filmidir...

Təbii ki, məktublaşma fraqmentlərinin olduğu başqa filmlərimiz də var. Amma biz bu gün köhnə Poçt (indiki Süleyman Tağızadə) küçəsində lentə alınan filmlərdən kadrları xatırlamaq istərdik. Bakının ilk poçt şöbəsinin fəaliyyət göstərdiyi küçəyə səyahətimizi ötən yazıda qeyd etdiyimiz “Bizim Cəbiş müəllim” filmi ilə davam etdiririk. Filmdə bir çox kadrlar məhz həmin küçədəki həyətlərdə lentə alınıb. Qeyd etmək yerinə düşərdi ki, unudulmaz aktyor Süleyman Tağızadənin adı bu küçəyə 1980-ci ilin sonlarında verilib. Həmin vaxta qədər isə o ünvan “Ostrovski küçəsi” adlanırdı.

Bakının bu ərazisində lentə alınan film kadrları ilə gəzintimizi davam etdirərkən biz heç də iddia etmirik ki, kino tariximizdə bu ərazidə lentə alınan bütün filmlərin adını sadalamaq ixtiyarındayıq. Ötən əsrin ortalarında lentə alınan filmlərimizin yaradıcı heyətində yer alan sənətkarlar artıq bu dünyadan köç etdiyindən belə bir məqamda bütün xatirə və məlumatları yalnız kinolentlərdən və yazılı mənbələrdən əldə etmək mümkündür.

Bakı milyonçusu Hacıbaba Haşımovun vəsaiti ilə 1899-1909-cu illərdə indiki S.Tağızadə 32 ünvanında İmam Hüseyn məscidi inşa olunub. “O olmasın, bu olsun” filminin Bakı qoçuları ilə bazar səhnəsi bu küçədə və məscidin qarşısında lentə alınıb.

Küçədə daha bir məkan Hacı Məmmədhüseyn Bədəlovun mülküdür. 1905-1907-ci illərdə burada 3 sinifli məktəb fəaliyyət göstərib. Azərbaycanın bir sıra aydınları, o cümlədən Cəfər Cabbarlı bu məktəbdə təhsil alıb. Məktəbdə Abdulla Şaiq, Süleyman Sani Axundov və digər tanınmış ziyalılar dərs deyiblər. Bu mülkün həyətində də bir sıra filmlərimiz lentə alınıb.

Həmin küçəyə perpendikulyar olaraq yerləşən bir çox küçələr var ki, onlardan biri də Səid Rüstəmovun adını daşıyır. Bir zamanlar “Müqtədir”, ondan əvvəl isə “Orlovski” adlanan bu küçədə və məhəllədə Azərbaycan kinosunun incilərindən sayılan rejissor Eldar Quliyevin “Bir cənub şəhərində” filminin müəyyən epizodları lentə alınıb. Gəlin xatırlayaq.

Murad (Həsən Məmmədov) küçədə oturub. Elə bu vaxt Tofiq (Eldəniz Zeynalov) Rusiyadan gətirdiyi həyat yoldaşı ilə onun qarşısından keçir... Əbəs yerə köhnə bakılılar bu məkanı “dar küçə” adlandırmırlar.

Çünki kinolentdə də biz bu küçənin çox darısqal olduğunu görürük. Rejissorun qısa zaman kəsiyində bu dar məkanda 2-3 dəqiqəlik kadrlarda nümayiş etdirdiyi böyük istedad və baxışı qeyd etməmək insafdan deyil. Bu kadrda biz Eldar Quliyevin burada yaşayan insanların xarakterini, həmin anda qəhrəmanın keçirdiyi hisləri və məhəllənin koloritini ekrandan ötürmək bacarığına şahid oluruq.

Onu da qeyd edək ki, bu küçədə həm də sevilən filmlərimizin quruluşçu operatoru kimi çalışmış Arif Nərimanbəyov yaşayıb. Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə də 1920-1932-ci illərdə bu küçədə yaşayıb və hazırda burada barelyefi var. 1986-cı ildə Xalq yazıçısı Anarın Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” (1894) povesti və “Danabaş kəndinin müəllimi” (1921) komediyası əsasında yazdığı ssenari üzrə özünün də quruluş verdiyi “Qəm pəncərəsi” filminin bəzi epizodları bu küçədə kinolentin yaddaşına köçürülüb.

S.Tağızadə 59 ünvanında 1880-1898-ci illərdə inşa edilən İsa bəy Aşurbəyovun mülkü yerləşir. 1912-ci ildə İ.Aşurbəyov “Kaspi” mətbəəsini icarəyə götürür və mətbəə həmin binanın zirzəmisində fəaliyyət göstərir. Tarixdən məlumdur ki, tanınmış şəxslərlə əlaqələri olan İ.Aşurbəyov Üzeyir Hacıbəyli ilə də dostluq edib. O, Üzeyir bəyin “Leyli və Məcnun” operası tamaşaya qoyulan zaman məşq prosesinin öz evində keçirilməsinə şərait yaradıb. “Uzun ömrün akkordları” (“Üzeyir ömrü”, 1981) filmində də (ssenari müəllifi və rejissor Anar) bunun şahidi oluruq...

Filmlərlə paytaxt gəzintimiz fərqli ünvanlarda davam edəcək. Növbəti yazılarımızı izləyin.

Lalə AZƏRİ