Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb.
Sənədi aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən tədbir çərçivəsində Dövlət Xidmətinin rəisi Zakir Sultanov və TİKA-nın Bakı koordinatoru Teoman Tiryaki imzalayıblar.
Dövlət Xidmətindən bildirilib ki, yaxın vaxtlarda müvafiq layihə sənədləri hazırlanacaq və hər iki abidənin bərpasına başlanılacaq. Bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək. Bərpa işlərində yerli mütəxəssislər də iştirak edəcəklər.
Qeyd edilib ki, bu, Azərbaycanda TİKA-nın iştirakı ilə reallaşan ilk bərpa layihəsi olacaq. Əldə olunan razılaşmaya əsasən, bu sahədə əməkdaşlıq davam etdiriləcək.
Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə (1187-1188) Şirvanşah I Axsitan tərəfindən tikdirilib. Müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, qəsr kimi istifadə edilib. Tuba şah məscidi isə XV əsrdə, 1481-1482-ci illərdə inşa edilib.