Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və mədəniyyət attaşesi  Georgi Buaçidze Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Görüşdə iki ölkənin ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən – mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək Tbilisidə çap olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açılıb. “Gürcü hekayələri” kitabının ölkə kitabxanalarına və universitetlərə təqdim edildiyi, tanınmış gürcü şairi Bağater Arabulinin kitabının Azərbaycan dilinə tərcümə edilərək ötən il nəşr edildiyi də diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan ədəbiyyatının Gürcüstanda tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.

Görüşün sonunda qonağa Azərbaycan dilində nəşr olunmuş “Gürcü hekayələri” kitabı hədiyyə edilib.