“Belə tədbirlər bizləri bir-birimizə daha da yaxınlaşdırır, mədəni inteqrasiyaya yol açır”
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ölkəmizin Macarıstandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə aprelin 24-də Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Yunus Əmrə İnstitutunun Budapeştdəki ofisində gerçəkləşən tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatlardan ibarət geniş kitab sərgisi açılıb.
Kitab sərgisi ilə tanışlıqdan sonra Nəsimi haqqında qısa sənədli film nümayiş olunub.
Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz ustadının yubiley tədbirinə ev sahibliyi etməkdən böyük şərəf duyduqlarını deyib.
Daha sonra çıxış edən ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini söyləyib. Səfir Nəsiminin Azərbaycan ədəbiyyatı tarixində tutduğu yerdən söz açaraq onun mütəfəkkir şair və hürufilik təriqəti ənənələrinin ideoloqlarından biri olduğunu xüsusi vurğulayıb.
Qeyd edib ki, Azərbaycanın Şamaxı bölgəsində dünyaya gələn Nəsimi Yaxın Şərqi, Anadolunu gəzib-dolaşaraq öz dərin fəlsəfi yüklü və insani ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirib. Onun şeirləri Azərbaycanda, Türkiyədə, İranda, Suriyada dillər əzbəri olub.
Vilayət Quliyev çıxışında dahi Nəsiminin 650 illik yubileyinin Budapeştdə türk dünyasının başqa bir böyük mütəfəkkiri Yunus Əmrənin adını daşıyan institutda keçirilməsinin əlamətdar olduğunu qeyd edərək bildirib ki, burada macar türkoloqlarının iştirak etməsi xalqlarımız arasında dərin köklərə malik əlaqələrin iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etməsinin göstəricisidir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öncə iştirakçıları salamlayaraq tədbirin keçirilməsinə şərait yaratdığı üçün Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ Sovet İttifaqı dövründə, 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib və yubiley Azərbaycandan kənarda, Moskvada və Parisdə UNESCO-nun qərargahında da keçirilib. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi, həmçinin 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə sərəncamlar imzalayıb.
Vaqif Əliyev qeyd edib ki, bu gün Macarıstan kimi Azərbaycana dost olan ölkələrdə Nəsiminin yubileyi ilə əlaqədar çoxlu sayda tədbirlər keçirilir, dahi şairimiz yad edilir. Bu kimi tədbirlər, burada türk və macar türkoloq alimlərinin iştirakı bizləri bir-birimizə daha da yaxınlaşdırır, ədəbiyyatlarımızın və ənənələrimizin inteqrasiyasına böyük yol açır.
Macarıstanın Türkiyədəki keçmiş səfiri, Türk Şurasının Macarıstan ofisinin rəhbəri, türkoloq Yanoş Hovari türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin xarici ölkələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, xüsusilə 70 illik sovet dönəmində türk cümhuriyyətlərinin ədəbiyyatından xəbərsiz olduqlarından indi bu işi çox sürətlə görməyin vacibliyini vurğulayıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında mütəfəkkir şair İmadəddin Nəsiminin əsərlərinin nəşrindən və onun əlyazmalarının yayılma arealından danışıb. Bildirib ki, sovet dövründə Nəsiminin əsərləri dünya miqyasında az nəşr edilib ki, bu da sovet dövlətinin ideoloji siyasəti ilə əlaqədar olub. Yalnız Azərbaycan rəhbəri Heydər Əliyevin səyi nəticəsində 1973-cü illərdə Nəsiminin 600 illik yubileyinin keçirilməsi çərçivəsində böyük şairin əsərləri xarici dillərdə nəşr olunub, haqqında kitablar yazılıb, film çəkilib, rayonlara, küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına adı verilib, heykəli ucaldılıb. Nəsimi yaradıcılığına ikinci nəfəs son illərdə gəlib. 2017-ci ildə şairin vəfatının 600 illiyi UNESCO-da qeyd olunub, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə Azərbaycana gələn nəsimişünas alimlərin iştirakı ilə beynəlxalq Nəsimi festivalı keçirilib. 2018-ci il noyabrın 15-də Azərbaycan Prezidenti Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb, 2019-cu il 15 yanvar tarixli sərəncamla bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Azərbaycan Prezidentinin sərəncamı ilə Nəsiminin ikicildlik “Seçilmiş əsərləri” iki dəfə - 2004-cü və 2013-cü illərdə 25 min tirajla çap olunub. “Nəsimi ili”ndən yadigar yeni yazılan və çap olunacaq kitablar qalacaq.
Kərim Tahirov qeyd edib ki, hazırda dünya kitabxanaları və muzeylərinin fondlarında, Türkiyədə, İranda, Çexiyada, ABŞ-da, İngiltərədə, Vatikanda, Rusiyada, Avstriyada və digər ölkələrdə Nəsiminin əsərlərinin 50-dən artıq əlyazması saxlanılır. Hazırda Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə Nəsiminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının elektron surətlərinin Azərbaycan Milli Kitabxanasına toplanması layihəsi üzərində işləyir. Eyni zamanda Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından İmadəddin Nəsimiyə həsr olunmuş biblioqrafiya ilin sonunadək nəşr olunacaq.
Tədbirdə Türkiyənin Macarıstandakı səfiri Əhməd Akif Oktay da iştirak edib.
Bədii hissədə “Nəsimi” filmindən fraqmentlər göstərilib, türkiyəli və azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin şeirləri və şeirlərinə yazılmış musiqilər səsləndirilib.
Tədbirin sonunda səfir Vilayət Quliyev bütün iştirakçılara, Türkiyənin Macarıstandakı səfirliyinə, Yunus Əmrə İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirib.