Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən ənənəvi təsviri incəsənət festivalında ölkənin gənc rəssamları, heykəltəraşları, bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim ediblər.
Festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur festivalda Azərbaycan, Qazaxıstan, Rusiya, Latviya, Qırğızıstan, Türkmənistan, İran və başqa ölkələrin öz milli stendini qurduqlarını qeyd edərək, gələcəkdə də bu cür layihələrin davam etdiriləcəyini deyib.
Qonaqlar milli stendlərlə tanış olublar. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Odlar yurdunun nəfəsi” adlı milli stend münsiflər heyəti və iştirakçıların böyük marağına səbəb olub. Stenddə Azərbaycan xalçaları, milli geyimlərimiz, kəlağayıları, misdən hazırlanmış məişət qabları, milli musiqi alətlərimiz, rəsmlər və s. sərgilənib. Milli stendlə tanış olanlara ölkəmizin mədəniyyəti, tarixi, Azərbaycanın görməli məkanları haqqında məlumat verilib.