V Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib
Mayın 2-də Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur. Bakı Konqres Mərkəzidə keçiriləcək Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ötən müddətdə müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platformaya çevrilib.
BMT Baş katibinin BMT-nin Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə illik (2017) hesabatında “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib. 2011-ci ildən etibarən ənənəvi olaraq iki ildən bir keçirilən Dialoq Forumu bu dəfə dünyanın 100-dən çox ölkəsinin və 30-dan çox beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirəcək.
V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə insanlara kömək etmək üçün praktiki strategiya kimi mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək.
Forumda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miguel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Nashif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yousef Al Othaimeen, İSESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Avropa Şurası Baş katibinin müavini Gabriella Battaini Dragoni ölkəmizə gəlir.
Forumda həmçinin TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Aralıq Dənizi Birliyinin Baş katibi Nasser Kamel, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirça Çiopraqa, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur və digər beynəlxalq qurumların rəhbər şəxsləri iştirak edəcək.
Mötəbər tədbirə Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Türkman, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahi Aljabri, Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi qatılacaqlar.
İki gün davam edəcək Forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, Forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci Yüksək səviyyəli görüşü keçiriləcək.