3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalına start verilib
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr edilən 3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalının açılış mərasimi keçirilib.
Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, quruma üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin “United Cultures” təşkilatı ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Mayın 1-dən 15-nə qədər davam edəcək festivalın məqsədi mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmaqdır. 3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalı müxtəlif tədbirləri – musiqili tamaşalar, debat və müzakirələr, film nümayişləri, foto və videomüsabiqə, incəsənət sərgilərini özündə birləşdirir.
Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis bildirib ki, əvvəlki illərin ənənəsi qorunmaqla, bu il festivalın proqramı daha fərqli və orijinal olacaq. Festivalda tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film nümayiş olunacaq. Öz filmlərini festival iştirakçılarına təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları Bakının qonağıdır. Layihə çərçivəsində finlandiyalı kinorejissor Paavo Vesterberq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara ustad dərsləri keçəcək.
Bu il ilk dəfə olaraq “IMAGINE” Avro Tolerantlıq Festivalı Gəncə şəhərində də keçiriləcək.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir.