Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda silsilə seminarların növbətisi aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilib.
Filialın direktoru Tünzalə Yusifova qeyd edib ki, könüllülük fəaliyyəti tələbələr tərəfindən böyük maraqla qarşılanır. Onlar universitetdə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər.
MEMİM-in direktoru Asif Usubəliyev çıxışında tələbə və gənclərin könüllülər hərəkatının əhəmiyyətindən bəhs edib.
Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, sektor müdiri Ceyhun Əhmədov mövzu üzrə çıxış ediblər.
Xatırladaq ki, mart ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb və təşkil edilən bu seminar əməkdaşlığın ilk nümunəsidir.